“Miatsum”un iflası: Dağlıq Qarabağ və Avrasiya İttifaqı
Rusiya məqsədləri üçün 20 ildən sonra Ermənistanla birgə işğal etdiyi əraziləri Azərbaycana geri qaytarmağa razıdır
4 İyun 2014 17:29 SiyasətQarabağ
Dağlıq Qarabağ məsələsi bir müddət əvvəl ABŞ tərəfindən gündəmə gətirilmişdisə, bu dəfə Avrasiya İttifaqının yaranması ilə yenidən medianın manşetlərinə oturub. Xüsusilə Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsinin Rusiya tərəfindən ictimailəşdirilməsindən sonra münaqişənin tezliklə həll edilməsinə ümidləri artırıb. Siyasi analitiklər və cəmiyyət hesab edir ki, Rusiya Azərbaycanın quruma üzv olması qarşılığında Ermənistan tərəfindən işğal edilmiş əraziləri ölkəmizə geri qaytarmağa razı ola bilər. "Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq məsələsini nəzərdən keçirə bilər" - Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin dilindən səsləndirilən bu fikirlər mətbuat və ictimaiyyətin geniş müzakirələrinə səbəb olub. Xüsusilə Astana görüşündən sonra Rusiyanın yüksək vəzifəli dövlət rəsmilərinin Azərbaycana səfərləri Ermənistanı da narahat etməyə başlayıb. İyunun 28-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkininin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər edəcəyi də Ermənistan mətbuatının gündəmində bomba kimi partladı. "İrs" Partiyasının lideri Raffi Ovanesyanın "Sərkisyanın səriştəsizliyi ucbatından Ermənistan Dağlıq Qarabağı itirmək qarşısına qalıb" fikirləri münaqişə ətrafında müəyyən canlanmanın baş verdiyini bildirir. Ovanesyan Astana görüşündə Nazarbayevin Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarla Avrasiya İttifaqına gedə bilməyəcəyi açıqlaması qarşısında Serj Sərkisyanın səssizliyini hakimiyyətin işğal siyasətini boynuna alması kimi qəbul edir. Partiya liderinin sözlərində həqiqət var. Çünki Sərkisyan Nazarbayevin məlum çıxışından sonra açıq şəkildə Dağlıq Qarabağın Ermənistan ərazisi olmadığını dedi. Əslində Sərkisyanın açıqlaması üzərində Azərbaycanı narazı salmaq istəməyən Putinin təzyiqləri hiss olunurdi. Çünki Rusiya prezidenti də Sərkisyan kimi qazax həmkarının fikirləri qarşısında susmuşdu. Yəni ki, Rusiya məqsədləri üçün 20 ildən sonra Ermənistanla birgə işğal etdiyi əraziləri Azərbaycana geri qaytarmağa razıdır. R.Ovanesyan və politoloq Manvel Sərkisyan da Rusiyanın belə bir addım atmasının mümkün olduğunu deyirlər. Lakin bunun üçün Azərbaycan Avrasiya İttifaqına üzv olmağa razı olmalıdır.
Sərkisyandan Saakyana
Ermənistan parlamentinin spikeri Qalust Saakyan çıxışında Dağlıq Qarabağla ölkəsinin birləşdirilməsini nəzərdə tutan "Miatsum" hərəkatının iflası barədə etiraflar edib. Bununla da o, Sərkisyanın Astanada etdiyi bəyanata dəstək verib. Serj Sərkisyan hakim Respublika Partiyasının gənclər qanadı ilə görüşündə deyib: "Sizə kim demişdi ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə giririk? Belə şey olmayıb və ola bilməz, ən azından bizim qanunvericiliyimizə görə, bizim təsəvvürlərimizə görə, Qarabağ bu gün Ermənistanın tərkib hissəsi deyil". Spiker Qalust Saakyan isə bu gün parlamentdə etdiyi çıxışında erməni prezidentinin sözlərini təsdiq edib: "Əlbəttə, Dağlıq Qarabağ Gömrük İttifaqına girə bilməz, çünki hüquqi baxımdan tanınmamış "dövlət"dir". Əslində Avrasiya İttifaqının yaradılmasından sonra Azərbaycanın quruma üzvlüyü ətrafında Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməsi bir müddət əvvəl ABŞ-ın bu istiqamətdə siyasi fəaliyyətini aktivləşdirməsi idi. Münaqişənin həllində "açar dövlət" statusuna malik olan Rusiya məsələni özü həll edib siyasi dvident əldə etmək niyyətindədir. Belə olan təqdirdə Putin Azərbaycanın Avrasiya İttifaqına inteqrasiyasına nail olacağına inanır.
Tarasovun məntiqi
Hətta üzvlük məsələsinə görə, Rusiyadan Azərbaycana təzyiqlər də müşahidə edilməyə başlayıb. Mətbuatla yanaşı bir sıra Stanislav Tarasov kimi siyasi analitiklər də təzadlı faktlarla Azərbaycanın ictimai fikrini Avrasiya İttifaqına yönəltməyə çalışırlar. Tarasov Ukraynadakı "Maydan" hərəkatının Bakıda təkrarlanmasının mümkünlüyündən danışıb. Politoloq Minsk Qrupunun Qərbdən olan həmsədrlərinin Azərbaycana qarşı güclü təzyiqlər etdiyini bildirib: "Morninqstarın dediyi "Maydan" ssenarisinin Bakıda nə qədər real olması nəzərdən keçirilir. Burada rəsmi London da artıq aktiv mövqe tutmağa başlayır. Rəsmi Londonun nümayəndəsinin son çıxışı bunu deməyə əsas verir". Əslində Tarasov kimi Kremlə yaxın analitiklərin açıqlamalarından çıxan məntiq belədir: Qərb təhlükəsinin Azərbaycan üzərində real olduğunu diqqətə çatdırmaq və təhlükəsizliyin təminatçısı qismində Avrasiya İttifaqını gözə soxmaq. Moskva başa düşür ki, Azərbaycan ictimaiyyəti nə Ukrayna, nə də Suriya ssenarisinin ölkəsində təkrarlanmasını istəmir. Belə olan təqdirdə ictimai fikirdə Qərbi gözdən salaraq Avrasiya İttifaqının üstünlüyü təbliğ olunur. Eyni siyasət Qərb tərəfindən Rusiyanın əleyhinə istifadə olunur. Azərbaycanın Avrasiya İttifaqına üzv olması məsələsinə gəlincə, o ərazilərini işğal etmiş Ermənistanla eyni qurumun bayrağı altında inteqrasiyaya getməyəcək. Nazarbayev də açıq şəkildə prezident İlham Əliyevin bununla bağlı mövqeyini Moskva və İrəvana çatdırdı. Rəsmi Bakının mövqeyi bu məsələdə birmənalıdır. Qərb tərəfindən təzyiqlərin artırıldığı bir vaxtda Rusiya da Azərbaycan kimi strateji əhəmiyyətə malik olan bir ölkəni narazı salmaq istəməyəcək. Kreml başa düşür ki, Azərbaycanın Avrasiya İttifaqında iştirakı Dağlıq Qarabağ münaqişəsinin dövlətimizin lehinə həll edilməkdən keçir. Bu bizim təbii və qanuni haqqımızdır. Hərhalda müəyyən gedişlərlə Dağlıq Qarabağın qaytarılması üçün yaranmış şansdan yararlanmaq olar.
Mənsur Rəğbətoğlu