“Rusiya ilə bağlı heç bir məntiqi proqnoz özünü doğrultmayacaq” - AÇIQLAMA
Elçin Mirzəbəyli: “Vaşinqton maraqları üçün regionda aktivliyini daha da artırmaq məcburiyyətindədir”
4 İyun 2014 16:14 Siyasət"ABŞ və Rusiyanın Azərbaycan ətrafında yaratdığı siyasi hərəkətlilik təbii qəbul olunmalıdır" - BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli "olaylar.az"a açıqlamasında belə deyib. E.Mirzəbəyli hesab edir ki, daha çox Rusiya Azərbaycanla yanaşı MDB məkanında aktivləşməyə cəhd göstərir. Bu fəallığın Ukrayna hadisələrdindən qaynaqlandığını deyən Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ-ın da Cənubi Qafqazda öz maraqları var: "Vaşinqton maraqları üçün regionda aktivliyini daha da artırmaq məcburiyyətindədir. Barak Obama hakimiyyətə gəldikdən sonra ABŞ-ın Cənubi Qafqaz maraqlarında, enerji sektoru istisna olmaqla, heç bir yenilik nəzərə çarpmırdı. İndiki məqamda isə balansın qorunması üçün müəyyən cəhdlər edilir. Azərbaycan ətrafında yaranmış hərəkətlilik bununla bağlıdır". BAXCP rəsmisi hesab edir ki, Rusiya özünün hərbi-siyasi müttəfiqi olan Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməyə sövq etməli, bunun ilk növbədə hüquqi əsaslarını yaratmalıdır. Elçin Mirzəbəylinin sözlərinə görə, işğal edilmiş torpaqlar geri qaytarıldıqdan sonra Azərbaycan yalnız o zaman Avrasiya İttifaqı və digər birliklərdə bərabərhüquqlu şəkildə iştirak edə bilər. Əks halda işğalçı ilə eyni qurumda təmsil olunmağın, işğala dəstək verən bir dövlətin dominantlığı altında olan bir birliyə üzv olmağın heç bir mənası yoxdur. Rusiyanın Azərbaycanla yaxından əməkdaşlığı federasiya üçün daha cazibədar olmalıdır. Azərbaycan regionda daha böyük strateji əhəmiyyət kəsb edir. Ermənistan isə faktiki olaraq Rusiyanın əyalətidir, onun nəzarəti altında olan dövlətdir. O baxımdan Azərbaycanla əməkdaşlıq Rusiyanın maraqları üçün daha əhəmiyyətlidir. Amma bir çox hallarda Rusiya siyasətində məntiqin nəzərə çarpamadığını düşünsək, o zaman bütün ehtimallar sual altında düşə bilər. Məşhur bir deyim var: "Rusiyanı ağılla dərk etmək mümkün deyil". Ona görə də hesab edirəm ki, Rusiya ilə bağlı heç bir məntiqi proqnoz özünü doğrultmayacaq. Sadəcə ehtimallar demək mümkündür". ("OLAYLAR İA")