Müsavatda Arif Hacılıya qarşı cəbhə açılıb - SİYASİ ANALİZ
Veteranlar və gənclər onun başqan olmasını istəmir
3 İyun 2014 16:56 SiyasətMüsavat Partiyasnın qurultayı nəhayət bu ay baş tutmalıdır. Ancaq müşahidələr göstərir ki, qurultay yenə də ertələnə bilər. Hər halda qurultayın ləngiməsinin Arif Hacılının başqan seçilməsinə maneə olduğunu düşünənlərin açıqlamaları belə deməyə əsas verir. Arif Hacılı başqa olmaqla tərəfdarları artıq İsa Qəmbərin ötür-ötür oyununu ələ salmağa başlayıblar. Arif bəyin qardaşı, jurnalist Mustafa Hacıbəyli facebook sosial şəbəkəsində Müsavat qurultayının ertələnməsini ələ salıb. Mustafa bəy yazır: "Jurnalist Müsavat yetkilisinə sual verir: -Əgər hakimiyyət Musavata qurultay üçün yer versə, nə edəcəksiz? Cavab: -Biabır olacağıq." Göründüyü kimi artıq Arif Hacılı düşərgəsində İsa Qəmbər də daxil olmaqla bir qrupun qurultayı bilərəkdən ləngitdiyi fikri formalaşıb. Əslində vəziyyət elə bu cürdür. İsa Qəmbər başqanlıqdan getmək fikrinə peşman olub, indi geriyə addım üçün bəhanə axtarır. Ən yaxşı halda İsa Qəmbər, Arzu Səmədbəyli, Rauf Arifoğlu, Pənah Hüseyn, Tural Abbaslı, Vurğun Əyyub Arif Hacılının deyil, başqa birisinin başqan olmasını istəyirlər. Müsavatda ümumi fikir belədir ki, Müsavat başqanı Qubad İbadoğlu seçilsin. Onun bir müddət öncə İsa Qəmbərin birbaşa dəstəyi ilə reallaşan xarici səfərləri, "Yeni Müsavat" da reklam olunması belə deməyə əsas verir ki, Arif Hacılıya qarşı böyük bir cəbhə formalaşıb. Bu cəbhə Hacılını başqan postuna buraxmaq istəmir. Arif Hacılı özü də bunu bilir və müəyyən mesajlarla vəziyyəti düzəltməyə, onun başqanlığından qorxanları yumşaltmağa çalışır. Mətbuata müsahibəsində "İsa Qəmbər başqanlıqdan gedən kimi siyasəti də tərk edəcək" fikrinə münasibət bildirib və bunun doğru olmadığını deyib. Onun fikrincə, bu iddialar yalandır, Müsavat Partiyasından İsa Qəmbərin getməsi kimi bir proses yoxdur: "İsa Qəmbər Müsavat başqanı olsa da, olmasa da, partiyada fəaliyyətini davam etdirəcək. Onun başqan olaraq fəaliyyətini davam etdirməkdən söhbət gedirsə, bu da Müsavatın iradəsindən asılıdır. Başqanın iki dəfədən artıq seçilə bilməməsi partiyanın qurultayında Müsavat tərəfindən qəbul olunub". Müsahibəsində partiyada əksəriyyətin İsa Qəmbərin qalmasında maraqlı olduğunu, ancaq başqanın özünün getmək istəyində olduğu bir daha vurğulanır. Arif Hacılı açıq-aşkar mesaj verir: Qurultay istəsə, nizamnaməni dəyişə bilər. Ancaq İsa Qəmbər verdiyi sözü tutsun, başqanlıqdan geri çəkilsin. İsa Qəmbərin başqanlıqdan geri çəkilməsi də vəziyyəti Arif Hacılının xeyrinə dəyişmir. Çünki Qubad İbadoğlu faktoru var. Arif Hacılı özündən cavan və təcrübəsiz hesab etdiyi Qubad İbadoğlunu yenəcəyinə əmindir. Ancaq unudur ki, İbadoğlunun ictimai sektorda, müxalifət düşərgəsində nüfuzu onunkundan çoxdur. AXCP-nin Hacılı-İbadoğlu seçimində ikincini dəstəkləyəcəyi şəksizdir. Göründüyü kimi istər Müsavatda, istərsə də müxalifət düşərgəsində Arif Hacılının başqan olmasını istəməyən böyük bir qrup formalaşıb. Bu qrupa gənclər də dəstək verir. Müsavat Gənclər Təşkilatının sədrindən başqa sözü keçən bütün fiqurları Arif Hacılıya qarşıdır. İsa Qəmbər tərəfindən idarə olunduğu şübhə doğurmayan Tural Abbaslı da Hacılının başqan olmasını istəmir. İyunun üçüncü ongünlüyünə təyin olunmuş qurultay yəqin ki, gərgin keçəcək. Artıq bəllidir ki, partiyanın yeni başqanı Arif Hacılı olmayacaq.