“Azərbaycan Rusiyanın Avrasiya İttifaqı dəvətinə cavab verəcək” - AÇIQLAMA
Zahid Oruc: “İstəməzdim ki, 90-cı illərin bəlli saforitlərindən, məlum təhlükəsaçan düşüncələrindən çıxış edib qiymət verək”
3 İyun 2014 15:21 SiyasətMillət vəkili Zahid Oruc Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Azərbaycanın Avrasiya İttifaqına üzv olmaq təklifini dəyərləndirib. Z.Oruc bildirib ki, məsələ Azərbaycanın siyasi elitası tərəfindən müzakirə olunur. Millət vəkilinin sözlərinə görə, ölkəmizin maraqları kontekstində daha dərindən təhlil edilərək qərar veriləcək. Zahid Oruc hesab edir ki, Avrasiya İqtisadi İttifaqını hansısa şəkildə çox qorxulu, təhlükəli və milli müstəqilliyimizi qəsb edən qurum kimi təsəvvür etmək səhv olardı: "Etiraf etmək lazımdır ki, informasiya məkanımızda bunu təbliğ, kultivatsiya edən məlumatlar geniş yayılır və bu da müəyyən maraqlı dairələrin əlilə həyata keçirilir. Qazaxıstan, Belarus və ora qoşulacaq digər dövlətlərin də maraq və mənafelərilə necə hesablaşmalı olduğunu hamı bilir. Burada bir ölkənin dominantlıq təşkil etməsi və başqa dövlətləri diktə etməyi, bütün məsələlərdə onların iqtisadi-siyasi səlahiyyətlərini üzərinə götürməsi kimi bir məsələni də vurğulamaq yanlışdır. Çünki müasir dönəmdə bu o qədər də asan məsələ deyil. Hətta Rusiyanın özü Avropa İttifaqı ilə iqtisadi əlaqələr fonunda geniş münasibətlər qurub. O cümlədən NATO xəttilə normal ticarət dövriyyəsi mövcuddur. Belə olan halda hansı ölkəni xarici iqtisadi əlaqərindən qoparıb tamamilə Avrasiya İqtisadi İttifaqından asılı etmək mümkündür? İstəməzdim ki, 90-cı illərin bəlli saforitlərindən, məlum təhlükəsaçan düşüncələrindən çıxış edib qiymət verək. Bununla onu da söyləmək istəmirəm ki, günü sabah həmin quruma daxil olmalıyıq, qeyd-şərtsiz onların öhdəliklərinə qoşulmalıyıq. Xeyr! Şübhəsiz ki, məsələ geniş ictimai müzakirələrdən, dövlətin münasib qurumlarının mühüm məlumatları və birgə analitik mətndən keçməlidir. Azərbaycan istənilən beynəlxalq quruma daxil olarkən ərazi bütövlüyünə dəstək qazanmaq, iqtisadi-siyasi mənafeyini qorumağı əsas götürür. Buna qarşı hansısa zərbə olacaqsa, dövlət rəhbərliyi o addımı atmayacaq. Ona görə də Ulyukayevin dəvəti nə qədər bizim üçün normal mövqedirsə və başa düşüləndirsə, digər tərəfdən hər bir halda Azərbaycan bütün bu məsələləri milli mənafeləri kontekstində dəyərləndirərək son addımını atacaq. Hesab edirəm ki, Ermənistanın da yer ala biləcəyi qurumun mahiyyətcə Avropa İttifaqına alternativ kimi təsəvvür edilməsi, bunun bloklaşma siyasətini dərinləşdirəcəyi, geopolitik müharibəni intensivləşdirəcəyi haqqında nəzəriyyətlər də çox yalnışdır. Çünki Avropa İttifaqının öz fəaliyyət prinsipləri var. Ona qarşı alternativ olmaq üçün gərək trilyon dollarla ticarət dövriyyəsini meydana çıxara biləsən, ümümdemokratik gəlişməyə nail olasan və sair. Amma indi Avrasiya İttifaqının geniş ticarət dövriyyəsi, siyasi imkanlar qurmaq, hərbi birliklər yaratmaq potensialı yoxdur. Ona görə də məsələni daha soyuqqanlı və ağılla ölçmək, adekvat cavab vermək lazımdır". ("OLAYLAR" İA)