ATXƏM sədri Ukrayna prezidentinə məktub ünvanladı
3 İyun 2014 15:04 SiyasətAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkoya məktub göndərib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məktubun mətnində ATXƏM sədri Poroşenkonu Ukraynanın Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edir, ona yeni vəzifənizdə uğurlar və can sağlığı arzulayır: "Zəngin tarixi keçmişi olan, dünyada sülh və ədalətin təmin olunmasında səmimi mövqeyini hər zaman qoruyub saxlamış dost, qardaş Ukrayna xalqı son bir neçə aydır ki, sosial gərginliklər yaşamaqla yanaşı, ərazi bütövlüyünün pozulması ilə də narahat günlərini yaşamaqdadır. 20 ildir ki, ərazi bütövlüyünə təcavüz edilmiş, torpaqları işğal altında olan Azərbaycan xalqı da Ukraynanın düşdüyü bu durumdan rahatsız olmaqla yanaşı, dost, qardaş Ukraynanın haqlı mövqeyini daima dəstəkləməyi özünə borc bilir". Ukraynanın Azərbaycan diasporunun məskunlaşdığı və heç bir problem olmadan effektiv şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri olduğu qeyd edilən məktubda qeyd edilir ki, Ukrayna xalqının digər millətlərə qarşı etnik, dini tolerant münasibəti Azərbaycan diaspora üzvləri tərəfindən hər zaman təqdirəlayiq hal kimi qiymətləndirilib: "Odur ki, Azərbaycan diasporası da Ukraynanın ərazi bütövlüyünün təmin olunması üçün Ukrayna hökuməti və xalqı ilə bir yerdə olmağı özünün əsas vəzifələrindən biri hesab edir. İnanırıq ki, sizin Ukraynada prezident olduğunuz yaxın dönəmdə ölkənizin ərazi bütövlüyü tam təmin olunacaq, Ukrayna xalqı qazanmış olduğu müstəqilliyini əbədi olaraq qoruyacaq".