Azərbaycanda əsirlikdə olmuş erməni: “Orada mənə işkəncə verilmədi”

Azərbaycanda əsirlikdə olan Ermənistan vətəndaşı Arsen Xocayan ölkəsinə qayıtdıqdan sonra ilk dəfə erməni mətbuatına açıqlama verib. Ermənistanda tibbi müayinədən keçdiyini deyən Xocayan Azərbaycanda əsirlikdə olarkən heç bir təzyiqə məruz qalmadığını deyib. Arsen Azərbaycanda bədəninə dizel yanacağının vurulması barədə yayılan məlumatları təkzib edib: "Bu heç bir həqiqəti əks etdirmir. Azərbaycanda mənə heç bir təzyiq və şiddət olmadı". Xocayanı müayinə edən mütəxəssislər də onun bədəninə dizel yanacağının vurulmadığını deyiblər. Səhiyyə Nazirliyinin Tibbi Yardım İdarəsinin sədri Tsaqik Vardanyan da mətbuata açıqlamasında qeyd edib ki, Arsen Xocayana Azərbaycanda işgəncə verilsəydi, bədənində hansısa iz qalardı: "Lakin bunlar mövcud deyil. Arsenin bədəninin təmiz olması onun Azərbaycanda şiddətə məruz qalmadığını göstərir". Qeyd edək ki, Ermənistanın Verin rayonunun Karmiraqbyur kənd sakini Arsen Xocayan martın 7-də Ermənistandan Azərbaycana keçərkən əsir düşüb. O, aprelin 10-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin xəttilə Ermənistana qaytarılıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00