Spiker: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur”
3 İyun 2014 12:46 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti və ATƏT-in sədri Didye Burkhalterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin sədri bildirib ki, Azərbaycan İsveçrə ilə iqtisadi və siyasi münasibətlərin inkişafına böyük önəm verir. İqtisadi sahədə ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir və Azərbaycanda 40-a yaxın İsveçrə şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin əksəriyyəti isə qeyri-neft sektorunda çalışırlar. Sədr qonağın diqqətinə çatdırıb ki, ATƏT Parlament Assambleyasının illik sessiyası Azərbaycanda keçiriləcək və ölkəmiz qarşıdakı 6 ay ərzində Avropa Şurası Parlament Assambleyasıının Nazirlər Komitəsinə sədrlik edəcək. Bu ölkəmizin Avropa dəyərlərinə verdiyi önəmin bariz nümunəsidir. Sədr qeyd edib ki, ATƏT-in Minsk Qrupu 22 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olsa da, məsələnin həllində heç bir irəliləyiş yoxdur. Buna görə də Minsk Qrupunun bu sahədəki fəaliyyətini daha da aktivləşdirməyə ehtiyac duyulur.
Səmimi fikirlərə görə təşəkkürünü bildirən İsveçrə Konfederasiyasının Prezidenti və ATƏT-in sədri Didye Burkhalter ölkələrimiz arasında intensiv dostluq əlaqələrinin olmasından məmnunluğunu ifadə edib. Qonaq bildirib ki, qeyd olunan sahələrdən başqa ölkələrimiz Beynəlxalq Valyuta Fondu çərçivəsində də yaxından əməkdaşlıq edirlər və inanırıq ki, qarşılıqlı əməkdaşlığımız gələcəkdə daha yüksək səviyyəyə çatacaqdır. Söhbət zamanı qonaq ATƏT PA-nın illik sessiyasının ölkəmizdə keçirilməsinə görə təşəkkürünü bildirib.