Azərbaycan Gənclərinin VII Forumu keçirildi
Prezident İlham Əliyev: “Bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər”
2 İyun 2014 19:46 SiyasətBu gün Azərbaycan Gənclərinin VII Forumu keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Təbrik məktubunda deyilir ki, Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir: "Hörmətli Forum nümayəndələri, sizi və sizin simanızda bütün Azərbaycan gəncliyini səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş ilk Gənclər Forumu ölkəmizin həyatında dərin iz buraxmışdır. Həmin mötəbər toplantıdan sonra paytaxt və regionlarda gənclərlə aparılan iş nəzərəçarpacaq dərəcədə canlanmış, böyüməkdə olan nəslin problemlərinə diqqət xeyli artmışdır. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir".
Prezidentin sözlərinə görə, tədqirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər: "Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər. Ölkəmizdə demokratik cəmiyyətin və bazar iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək savada və geniş dünyagörüşünə malik olan, müasir texnologiyalardan istifadə etməyi bacaran peşəkar mütəxəssislərə və menecerlərə tələbat artır. Buna görə də gənclərimiz mükəmməl təhsil almaq və biliklərə dərindən yiyələnmək üçün daha inamla çalışmalıdırlar".