Hollandiyada erməni təbliğatına qarşı aksiya

Hollandiyadakı Türk diasporu ermənilərin bir müddət öncə Almelo şəhərində qondarma soyqırım abidəsi ucaltmasına qarşı etiraz aksiyası keçirib. "OLAYLAR"-ın xəbərinə görə, Türk ictimai təşkilatlarının təşkil etdiyi və 5 minədək insanın qatıldığı mitinqdə Azərbaycan diaspor nümayəndələri də iştirak edib. Almelo şəhərinin Remrandt Meydanında baş tutan etiraz aksiyasında sözügedən abidənin cəmiyyətdə böyük narahatlıq yaratdığı bildirilib. Polisin ciddi təhlükəsizlik tədbirləri ilə keçən aksiyada iştirakçılar Türk bayraqları ilə yanaşı, Azərbayca bayrağı da dalğalandırıb, üzərində "Erməni soyqırımı yoxdur!", "Soyqırım tarixi yalandır!", "Gerçəklərə qarşı səssiz qalma, kor və kar olma!" yazılan plakatlar tutublar. Ermənilərin abidəni daha geniş kütlələrə tanıtmaq və üzərinə "soyqırım" ifadəsini əlavə etmək niyyətində olduğunu qeyd edən Hollandiya Türk İslam Dərnəkləri Federasiyasının sədri Arif Yakışır öz etirazlarını Hollandiyanın müvafiq dövlət qurumlarına məhkəmə yolu ilə çatdırmaq niyyətində olduqlarını deyib. Əsas soyqırımın ermənilər tərəfindən gerçəkləşdirildiyini bildirən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın isə "soyqırımı görmək istəyən İğdıra, Qarsa, Ərzuruma, Azərbaycana gəlsin. Anadoluda hər yerdən sümük çıxır" - deyə bildirib. Almelo Bələdiyyə Məclisinin üzvü Uğur Çete də bələdiyyə rəhbərliyinin Türk toplumunun bu həssaslığını nəzərə alacaqlarına ümid etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00