“Uraldan o tərəf yaxın 30 ilə çinlilərə qalacaq”

Natiq Cəfərli: “Bu düzən, imperiyaların belə tanımlanması artıq 2-ci dünya müharibəsindən sonra tarixə qovuşub”

"Kreml ideoloqları hələ də böyük dövlət - imperiya olmağın yolunu ərazilərin genişliyindən keçdiyini düşünürlər. Bu düzən, imperiyaların belə tanımlanması artıq 2-ci dünya müharibəsindən sonra tarixə qovuşub" - "Olaylar"ın məlumatına görə, "Real" Hərəkatının icraçı katibi Natiq Cəfərli belə deyib. N.Cəfərli bildirib ki, müasir "imperiya" modeli öz məhsulu, elmi, təhsili, texnologiyaları ilə insanların evinə qədər girən ölkə modelləridir. "Real" rəsmisi buna nümunə kimi Cənubi Koreyanı göstərib. Natiq Cəfırli hesab edir ki, əlində olan əraziləri belə məskunlaşdıra, inkişaf etdirə bilməyən Rusiya yaxın ətrafının ərazilərinə, topraqlarına göz tikməsi absurddur, irosionaldır, məntiqsizlikdir: "Bir neçə gündür Rusiyanın Sibir və Uzaq Şərq bölgələrində su daşqınları baş verir. Hökumət rəsmi məlumat yayıb ki, Xakasiya, Altay vilayəti, Tıva Respublikası və Sibir Federal dairəsinin 50 yaşayış məntəqəsini su basıb. Təqribən, 4190 yaşayış binasına və xüsusi evlərə ziyan dəyib. Ziyan dəyən evlərin 1500-ü çoxmərtəbəli binalardır. Yəni, 2690 xüsusi evə, 1500-də çoxmərtəbəli binaya ziyan dəyib (mərtəbələrin sayı dəqiq verilməyib, təsəvvür edək ki, ortalama, hamısı 3-5 mərtəbəli binalardır). Rəsmi açıqlamada deyilir ki, 4190 yaşayış binasında 11.517 nəfər əhali yaşayırmış (bunlardan da neçəsinin gəlmə, yəni digər ölkə vətəndaşları olması dəqiqləşdirilməyib). Ural dağlarından o tərəfə olan Rusiyanın vəziyyətini bir anlıq təsəvvür edin: 4 inzibati ərazi vahidində 50 yaşayış məntəqəsini (kiçik şəhər, qəsəbə, kənd) su basır, 1500 çoxmərtəbəli binada, 2690 xüsusi evlərdə yaşayan əhalinin sayı cəmi 11.517 nəfərdir. Çoxmərtəbəli binalarda cəmi 10 mənzilin (minimumla götürsək) olduğunu hesablasaq, üstünə də xüsusi evlərin sayını gəlsək, deməli, 17.690 mənzildə cəmi 11.517 nəfər əhali yaşayırmış, hər mənzilə 0,65 nəfər düşür. Rusiyanın günü bax belədir, ona görə də, nə qədər ki, Kremlin "imperiya" anlayışı torpaq həcmindən keçir, Uraldan o tərəf yaxın 30 ildə çinlilərə qalacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00