Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planı yoxdur - RƏSMİ
“Prezidentin məktubunun əsas mahiyyəti ondan ibarətdir ki, Ermənistan bu ittifaqa qəbul edilərsə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunsun”
30 May 2014 14:45 SiyasətN. Məmmədovun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayaraq orada özünün işğalını müəyyən mənada qəbul etdirmək, bununla bağlı siyasi, iqtisadi, mədəni və digər addımlar atmaqla bu qurumlara üzv ola bilməz: "Məktubun da əsas mahiyyəti ondan ibarətdir ki, belə bir proses baş verərsə, beynəlxalq hüquq, onun norma və prinsiplərinə əməl olunsun. Orada həmçinin göstərilir ki, siz dövlət başçılarının Azərbaycanla yaxşı münasibətləriniz var, bu çərçivədə Azərbaycanın maraqlarına xələl gətirən addım atılmamalıdır. İlk andan məktuba müsbət mövqe bildirilib. Qazaxıstan prezidenti Nazarbayev söylədi ki, bu məsələyə diqqətlə baxmalıyıq və Azərbaycan Respublikasını narazı sala bilmərik. Ermənistanın rəhbərliyi bir qədər əvvəl bəyan etdi ki, bu quruma üzv olacaq. Baxmayaraq ki, 3 il Avropa İttifaqı və onun rəhbərləri ilə manevrlər etdi, işlərini qurdu, söz verdi, vəd verdi. Lakin Ermənistanın prezidenti bir səhər yuxudan durub bəyan etdi ki mən Avrasiya İttifaqına üzv olmağı qərara almışam".
N. Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planının olmadığını bəyan edib: "Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir".
N. Məmmədov onu da vurğulayıb ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadığı üçün dünyada qaynar nöqtələr yaranıb və problemlər meydana gəlib.