Ermənistan hansı variantı seçəcək-Azərbaycanın tələbi, yoxsa Avrasiya İttifaqından kənar qalmaq?

Rufiz Qonaqov: “Dövlət başçısı cənab İlham Əliyevin məktubu da ona əsaslanır ki, Azərbaycan torpaqları qısa müddət ərzində azad olunmalıdır”

Rusiyanın uzun müddət arzu etdiyi Avrasiya İttifaqı nəhayət ki, reallaşdı. Bu günlərdə Astana şəhərində keçirilən görüşdə Rusiya, Qazaxıstan və Belarus Avrasiya İttifaqının yaradıldığı barədə rəsmi sənəd imzaladı. Görüşdə diqqət çəkən məqamlardan biri də Azərbaycan prezidenti İlham Əliyevin sözügedən formatda iştirak edən dövlət başçılarına ünvanladığı məktub və həmin məktuba Serj Sərkisyanın nümayiş etdirdiyi münasibət oldu. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin məktubunda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu vurğulanıb. Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər. Erməni mətbuatı Azərbaycan prezidentinin məktubunu "Ermənistana nəhəng ultimatum" kimi xarakterizə edib. Bəs görəsən həmin tarixə qədər Ermənistan işğal edilmiş əraziləri boşaldaraq Avrasiya İttifaqına daxil olmağa üstünlük verəcək, yoxsa işğalçı ölkə yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirəcək?

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov Astana görüşü və Azərbaycan prezidentinin ünvanladığı məktubda əksini tapan məqamlarla bağlı fikirlərini "OLAYLAR"-a şərh edib. Bildirib ki, dövlət başçısı cənab İlham Əliyev dəfələrlə Azərbaycan torpaqlarının işğal edildiyini, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və digər ətraf rayonlarının boşaldılmasını bəyan edib: "Əgər Ermənistan və Azərbaycan MDB-nin üzvüdürsə, bu kimi hallar olmamalıdır və bu yolverilməzdir. Məhz bu baxımdan Azərbaycan prezidentinin məlum məktubu və bəyanatı ona əsaslanır ki, həqiqətən MDB məkanında yaşayırıq və qonşu dövlətləriksə, eyni zamanda bundan sonra Avrasiya İttifaqı, yaxud ona bənzər birliklərin yaradılması gündəmə gələcəksə, sözsüz ki, ilk növbədə Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri azad etməlidir. Necə olur ki, Azərbaycan və Ermənistan MDB-də təmsil olunsun, ancaq bizim torpaqlarımız işğal altında qalsın. Həmçinin bu mənfi hala Rusiya və MDB-nin digər üzvləri göz yumsun, münasibət bildirilməsin. Dövlət başçısı cənab İlham Əliyevin məktubu da ona əsaslanır ki, Azərbaycan torpaqları qısa müddət ərzində azad olunmalıdır. Yalnız bundan sonra hər hansı bir ittifaqın, birliyin yaranması məsələsi müzakirə oluna bilər. Əgər Azərbaycan torpaqları işğal altında qalacaqsa, hansı birliklərdən söhbət gedə bilər. O ki qaldı Ermənistanın hansı variantı seçəcəyinə, bu ölkə müstəqil dövlət deyil, Rusiyanın vassalı olan bir ölkədir. Ermənistan heç zaman müstəqil olmayıb, Rusiyanın bir müstəmləkəsi kimi mövcud olan ərazidir. Məhz bu baxımdan Ermənistan və onun prezidenti bu məsələlərdə hər hansı müstəqil qərar vermək imkanında deyil". Mərkəz rəhbəri belə bir vəziyyətdə cəbhə xəttində gərginliyin artmasına da aydınlıq gətirib. Rufiz Qonaqov deyib ki, Ermənistan vaxtaşırı cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır: "Hazırda da Ermənistan bu təcavüzkar hərəkətlərini davam etdirir. Bir neçə gün əvvəl baş verən hadisə zamanı da bir əsgər və zabitimiz həlak oldu. Təbii ki, Ermənistan da buna qarşı layiqli cavab aldı. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin kifayət qədər gücü və qüdrəti var ki, Ermənistanın hər hansı bir təcavüzünün qarşısı alınsın. Sadəcə Azərbaycan ordusu hər zaman döyüş əmri gözləyir ki, öz torpaqlarını işğaldan azad etsin". Mərkəz rəhbərinin sözlərinə görə, Ermənistanın vaxtaşırı cəbhədə vəziyyəti gərginləşdirməsi problemin həllinə maneçilik törətməyə xidmət edir: "Ancaq dünya birliyi bu gün Azərbaycanın tərəfindədir və bütün beynəlxalq təşkilatlar, dünya ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır. Ermənistanın bu cür hərəkətləri bundan sonra heç bir fayda verməyəcək". Rufiz Qonaqov Azərbaycanın Avrasiya İttifaqı ideyasına müsbət münasibətinin Qərbdə necə qarşılanacağına da aydınlıq gətirib: "Məndə belə bir məlumat yoxdur ki, Azərbaycanın Avrasiya İttifaqına qoşulub-qoşulmaması hansı vəziyyətdədir. Ümumiyyətlə isə hazırda Azərbaycan MDB-nin tamhüquqlu üzvüdür və bu çərçivəsində Ermənistan istisna olmaqla keçmiş SSRİ-nin üzvü olan ölkələrlə normal münasibətlərimiz var. Ancaq onu da hesab edirəm ki, Avrasiya İttifaqı məsələsində Qərbin müəyyən mənada qısqanclığı ola bilər. Yəqin ki, Azərbaycan dövləti, diplomatiyası, Xarici İşlər Nazirliyi, eləcə də Azərbaycanın bu məsələ ilə məşğul olan digər diplomatları hansısa səviyyələrdə sözügedən məsələnin müzakirəsini aparırlar. Hesab edirəm ki, bu barədə ictimaiyyətə də məlumat veriləcək. Ancaq bu gün məndə dəqiq məlumat yoxdur ki, Azərbaycan hansısa şəkildə Avrasiya İttifaqına qoşulub-qoşulmaması ilə bağlı qərar versin".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00