Üç ölkənin XİN rəhbərinin görüşü mühüm əhəmiyyət daşıyır

"Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi  region ölkələri ilə mütamadi olaraq sıx əlaqə saxlayır. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan danışıqları son dövrlərdə çoxşaxəli beynəlxalq siyasi fəaliyyətimizin əsas göstəricilərindən biridir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına hakim partiyanın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, Azərbaycan Xəzər hövzəsində özünün ixracatçı mövqeyini gücləndirməklə yanaşı, Mərkəzi Asiyanın da karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında tranzit ölkə kimi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu baxımdan, Türkmənistan qazının Avropa bazarına çıxarılması bu gün Avropa İttifaqı ilə aparılan danışıqlarda çox vacib yer tutmaqdadır: "Türkmənistan qazının Avropaya çıxarılması üç türk dövləti arasında daha da  yaxınlaşmanı və qarşılıqlı əməkdaşlığı zəruri edir. Türkmənistan, Azərbaycan və Türkiyə-üç oğuz soyuna mənsub olan türkdilli dövlət təbii ki, öz maraqlarını qorumaq üçün vahid platformadan çıxış etməyi qarşılarına məqsəd qoyublar. Ona görə də, üç ölkənin xarici işlər nazirlərinin Bakı şəhərində keçirdiyi görüş və görüşün yekunu olaraq qəbul edilmiş Bəyannamə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq baxımından əhəmiyyət kəsb etməklə yanaşı, bölgənin enerji siyasətini də istiqamətləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00