Türkiyədən başqa kimimiz var ki...
Elə onların da dar gündə tək dostu bizik
29 May 2014 17:33 SiyasətTürkiyə-Azərbaycan münasibətləri, özəlliklə də "biz sevirik, onlar sevmir" mövzusunda çoxlu yazılar yazılıb, müzakirələr aparılıb. Bu mövzu adətən hansısa türk serilanıda Azərbaycan və azərbaycanlılar haqqında mənfi bir fikir səsləndiriləndə müzakirəyə çıxarılır. SSRİ nostaljisi ilə yaşayan bir qrup soydaşımız başlayır Türkyə əleyhinə danışmaya. "Xoşbəxt kommunizm günləri", "Beşillik planlar", "Keçici qırmızı bayraqlar", "Pulsuz səhiyyə və təhsil" yada düşür, çağdaş dövrümüzün bəlaları:fahişəlik, narkomaniya, keyfiyyətisiz qidalar xatırlanır. Və bütün mənfiliklərin səbəbkarı kimi də Türkiyə türkləri göstərilir. Sanki hər şey gözəl idi, türklər gəlib qurulanı dağıtdılar. Dövlət orqanlarından söhbət gedirsə, o, SSRİ-nin çökməsi ilə dağıldı. SSRİ yıxılan kimi Sovet dövründə yaranmış infrastruktur, dəyərlər, münasibətlər sistemi də dağıldı. Azərbaycan müstəqil oldu, İran, Türkiyə və digər Yaxın Şərq ölkələri ilə əlaqələr yaratdı. SSRİ avtoritar dövlət olduğundan əmlak bərabərliyi, pulsuz səhiyyə, təhsil vardı. Amma bazar iqtisadiyyatına keçdiyimizdən hər şey yeni sistemə uyğunlaşdı. Ölkə bazarlarına keyfiyyətsiz qidalar daxil oldu. Özəl təhsil. Səhiyyə yaranmağa başladı. Bunların heç birində də Türkiyənin suçu yoxdur. Türkiyə türkləri yeganə türk xalqıdır ki, kiminsə müstəmləkəsi olmayıb. Türkiyə türkləri 7 yüz il ayaqda qalmış və dünyanın ən qüdrətli dövləti olmuş Osmanlı imperiyasının varisidir. Bu xalqın özünü üstün tutmağa haqqı var. Türkiyə ilə Rusiya heç bir şəkildə müqayisə oluna bilməz. Rusiya Azərbaycana işğalçı kimi gəlib. Azərbaycanın şimal hissəsini Güney Azərbaycandan ayırıb. Tarixi Azərbaycan torpaqlarından kəsib Ermənistan yaradıb, Gürcüstana, Dağıstana pay verib. Rusiya Azərbaycan türklərinin adını, dilini, əlifbasını dəyişib. Doğrudur, biz Avropa mədəniyyətinə Rusiya vasitəsilə qovuşmuşuq. Yalnız bu cəhəti tarixin Azərbaycan xalqına hədiyyəsi saymaq olar. Qalan bütün məsələlərdə müstəmləkə xalqı olmaq heç də yaxşı deyil və unutmaq lazım deyil ki, biz türk müsəlman xalqı olaraq xristian imperiyasının tərkibində olmuşuq. Ruslar bizə nisbətən xristian erməni və gürcülərə daha isti yanaşıb. Azərbaycan türklərini daim əsarətdə, sıxntıda saxlayıb. Etnik münaqişələr zamanı daim öz dindaşlarının tərəfini tutub. 20-ci əsrin əvvəlləri və sonunda Qafqazda yaranmış etnik münaqişələr zamanı ruslar erməniləri dəstəklədilər, azərbaycanlıların kütləvi qırğınına yardım etdilər. Osmanlı türkləri isə 1918-ci il qırğınları zamanı həm Quzeydə, həm də Güneydə yaşayan azərbaycanlıların yardımına gəlib. Bu tarixi faktdır, bunu unutmaq olmaz.
Hazırkı Türkiyə Kamalçı Türkiyədir. Türkiyə 1923-cü ildən xilafət, səltənət deyil, cümhuriyyətdir, yalnız TC sınırlarında yaşayan xalqın dövlətidir. Bu dövlətdə islamçılar da, millətçilər də, solçu-kommunistlər də var. Türkiyə mediasında, televiziyalarında, kinematoqrafiya və teatrında solçuların təsiri mütləqdir. Onlar üçün "türk milliyyətçiliyi" anlayışı yoxdur. Onlar bizim gözləntilərimizə cavab vermirlər və bu təbiidir. Dünyanı yönəltmiş böyük bir imperiyanın paytaxtı olmuş, hazırki dünyanın nəhəng mədəniyyət mərkəzi olaraq İstanbuldan Bakı çox kiçik görsənir. Biz "böyük qardaş"dan imtina etmişik, başqa bir böyük qardaş istəmirik. Türklər isə bizə bərabər yanaşmırlar. Çünki biz "Böyük Azərbaycan"ın kiçik bir hissəsiyik. Bəlkə də nə zamansa Azərbaycan tarixi torpaqlar çərçivəsində bütövləşərsə, o zaman Türkiyə türklərinin bizə yanaşması da dəyişəcək.
Türkiyə film və seriallarında ara -sıra rast gəlinən qanqaraldıcı nüanslara gəlincə, bu da qarşılıqlıdır. KVN-çilərin Osmanlı türklərinin ləhcəsini ələ salması faktı da var. Gərək bunlar olmasın. Biz ayrıcı məqamları deyil, birləşdirici məqamları, ortaq uzlaşma nöqtələrini tapmalı, qabartmalıyıq. Çağdaş dünya, siyasi düzən bəllidir. Bizim Türkiyədən, onların da bizdən başqa heç kimi yoxdur.