28 May Respublika Günü Rumıniyada qeyd edilib
29 May 2014 17:28 SiyasətAzərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarestdə Respublika Günü ilə bağlı rəsmi qəbul keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, tədbirdə Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, Rumıniya Prezidentinin xarici siyasət, təhlükəsizlik və strateji məsələlər üzrə müşaviri Yulian Kifu, ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin rəhbəri Həmzə Kərimov və nümayəndəliyin əməkdaşları, Rumıniya parlamentində Rumıniya-Azərbaycan dostluq qrupunun sədri Yulian Yanku, xarici ölkələrin Rumıniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, diaspor nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan xalq musiqisinin müşayiəti ilə ölkəmizin turizm və mədəniyyətini əks etdirən təbliğat çarxları nümayiş olunub.
Qeyd edək ki, 28 May - Respublika Günü ilə bağlı ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin təşəbbüsü ilə bu ölkənin bir sıra mətbu orqanlarında məqalə dərc olunub. Nümayəndəliyin rəhbəri Həmzə Kərimovun məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti, Azərbyacanın yenidən müstəqillik əldə etməsi, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi zamanı Azərbaycanın uğurlu inkişaf yoluna qədəm qoyması, Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq arenada tanıdılması, enerji təhlükəsizliyində aparıcı oyunçu və etibarlı tərəfdaşa çevrilməsi istiqamətində apardığı məqsədyönlü siyasət haqqında məlumat verilib. Məqalədə "Əsrin müqaviləsi", Avropanın enerji xəritəsini dəyişəcək TAP, TANAP kimi layihələrdən söz açılıb.