Müxalifətin Amerika sevgisinin arxasında nə dayanır? - ŞƏRH
Kərimli az qalır ABŞ səfirliyinin pəncərəsindən içəri daxil olsun”
29 May 2014 17:19 SiyasətBir neçə gün əvvəl Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna verdiyi müsahibədə ölkəmizin maraqlarına zidd fikirlər səsləndirməsi, dövlətimizin daxili işlərinə qarışmaq kimi cəhdləri heç şübhəsiz ki, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı narazılığa səbəb oldu. Rəsmi və qeyri-rəsmi qurumlar, müxtəlif təşkilatlar amerikalı səfirə lazım olan cavabı verdilər. Ancaq maraqlısı odur ki, müxalifət düşərgəsində təmsil olunan bəzi siyasi qüvvələr nəinki Morninqstarın qeyri-obyektiv mövqeyini tənqid etdi, əksinə onu müdafiəyə qalxdılar. Bəs görəsən, müxalifətin Amerika sevgisinin arxasında nə dayanır?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyir ki, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstarın ölkəmizlə bağlı səsləndirdiyi fikirə yalnız radikal müxalifət nümayəndələri etiraz etmədi. Əksinə, ABŞ səfirinin müdafiəçısı kimi gecə-gündüz dayanmadan acıqlama verdilər. Partiya rəsmisi hesab edir ki, bunun da arxasında müəyyən maraqlar dayanır: "Təbii ki, bunun arxasında birbaşa yenə də yarınmaq durur. Bu qüvvələr üçün heç bir fərq yoxdur. Kim İlham Əliyev hakimiyyətinin əleyhinədirsə, Azərbaycan dövlətinə təzyiq etmək, yaxud milli maraqlarımıza zərbə vurulmasını istəyirsə, həmin insanlar və qüvvələrlə həmrəylik nümayiş etdirir, onların mövqelərini müdafiə edirlər. Onların imkanları olsa şeytanı da müdafiə edərlər. Təki Azərbaycan hakmiyyətinə ziyan dəysin". Niyaməddin Orduxanlının sözlərinə görə, halbuki 2013-cü ilin prezident seçkilərində həmin qüvvələr ABŞ və Qərbi düşmən hesab edirdilər: "Keçən il Putin İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev, Eldar Namazov və digərlərindən çox səmərəli şəkildə istifadə etdi. Prezident seçkilərində bu şəxslər az qala deyirdilər ki, ABŞ və Qərb Azərbaycanın düşmənidir. Həmin aylar Əli Kərimli Rusiyanı Azərbaycanın ən yaxın dost dövləti hesab edir, 2 milyon soydaşımızın Rusiya vasitəsi ilə ailəsini dolandırdığını bildirirdi. Bütün imkanlarımızla Rusiya ilə yaxın, qonşuluq siyasətinin aparılmasını bəyan edirdi. İndi nə tez dəyişdiniz? Yenə olmusunuz "qərbpərəst". Sizə elə gəlmirmi ki, bu səfər də ABŞ sizdən istifadə edər? Necə ki, həmişə çomaq rolunu oynamısınız". BAXCP rəsmisinin sözlərinə görə, bu siyasi qüvvələr hazırkı situasiyadan istifadə edirlər: "Bunlar üçün əsas öz maraqlarıdır. Görmürsünüz, bu gün özlərini neçə ABŞ yönümlü göstərirlər? Guya bunlar ABŞ siyasi kursunu müdafiə edənlərdir. Bir il əvvəl Əli Kərimli deyirdi ki, daha Qərb siyasi dairələrinin qapılarına getməyəcəyik. İndi nə baş verdi? Əli Kərimli az qalır ABŞ səfirliyinin pəncərəsindən içəri daxil olsun. Radikal müxalifət ABŞ-la Azərbaycanın hazırkı vəziyyətindən yarınmaq istəyir". Niyaməddin Orduxanlı deyir ki, Riçard Morninqstarın Azərbaycanla bağlı dedikləri məqamlarda faktiki Azərbaycan xalqı və dövləti aşağılanır: "Səfir Azərbaycanın müstəqilliyinin qarantının ABŞ və Avropa Birliyi olduğunu bildirir. Bu da çox yersiz və acı istehza doğuran açıqlamadır. Bu gün ABŞ imza ataraq müstəqilliyi və ərazi bütövlüyünə qarant olduğu Ukraynanın suverenliyini qoruya bilmir, hamının gözünün qabağında sözçülüklə məşğuldursa, bir-iki rus məmuruna sanksiya tətbiq etməklə işini bitmiş sayırsa, bu məqamda belə açıqlama verilməsi heç yerində deyil. Hətta gülüş doğurur. Səfirin bu cür acıqlamasına ilk etiraz edənlərdən biri də müxalifət partiyasının sədri kimi BAXCP sədri Qüdrət Həsənquliyev olub. Hakimiyyət nümayəndələrindən də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin hüquq komitəsinin sədri Əli Hüseynli və digər qurumların rəhbərləri də etiraz etdi. Ramiz müəllimin cavabı birmənalı şəkildə adekvat mövqedir. Ramiz Mehdiyevin cavabının bu cür kəskin olması Riçard Morninqstarın müsahibəsinin tonuna və ritorikasına tam uyğun idi. Səfir bilmir ki, Maydan hadisələri Ukraynanın bir dövlət olaraq suverenliyini, ərazi bütövlüyünü təhlükə altına alıb, böyük faciələrə yol açıb, bu ölkənin dövlətçiliyini təhlükə altında qoyub? Çox yaxşı bilir ki, Ukraynanı bu gün parçalayan, dağıdan hadisə də Maydandır. Demək olar ki, hər gün ölkədə qan tökülür, hər gün onlarla insan ölür. Bütün bunun günahkarları kimdir? ABŞ ölkələrə gətirdiyi inqilablar ölüm, faciə, parçalanma, dağıntılara səbəb olub. Baxın Ərəb ölkələrinə, yüz minlərlə sadə və günahsız vətəndaş qətlə yetirilib, şəhərlər viran qalıb, ölkə istisadiyyatı dağılıb. Ən azından bundan sonra 50 il lazım olacaq ki, ABŞ-ın inqilab etdiyi ölkələr özünə gələ bilsin. Ukrayna regionun ən böyük dövləti idi. İndi bu dövlət tam dağılmaq ərəfəsindədir. Bir daha qeyd etmək istəyirəm ki, əgər, Azərbaycanın səfiri ABŞ-da Morninqstar kimi çıxış etmiş olsaydı, onu bir dəqiqə də ABŞ-da saxlamazdılar, dərhal "persona non-qranta" elan edib, arzuolunmaz şəxs kimi ölkədən çıxarardılar. Hamı bilir ki, ABŞ dünyanın super gücüdür və bu güclə hesablaşmaq lazımdır. Eyni zamanda düşünürəm ki, ABŞ Azərbaycanın müstəqil dövlət olduğunu qəbul etməli və bu həqiqətlə hesablaşmalı, bizimlə bərabərhüquqlu danışmağı bacarmalıdır. İkincisi, ABŞ-ın Azərbaycanla bu ritorika ilə danışmağa qətiyyən mənəvi haqqı yoxdur". Niyaməddin Orduxanlının qənaətincə bəzi siyasi dairələrin amerikalı səfiri ciddi cəhdlə müdafiə etməsinin bir səbəbi də yeni maliyyə yardımı almaq istəyidir: "Zaman-zaman Amerikanın müxtəlif institutlarının bu qəbildən olan partiyalara maliyyə yardımı ayırdığı barədə məlumatlar yayılır. ABŞ radikal müxalifət partiyalarına maliyyə yardımını ona görə ayırır ki, Azərbaycan hakimiyyətinə təzyiq etsin. Demək istəyir ki, bu qüvvələrə maliyyə vəsaiti ayırıb hakimiyyətə gətirə bilərəm. Ancaq ABŞ-ın özü də yaxşı bilir ki, həmin vəsaitlə Azərbaycanda inqilab etmək olmaz. Son 20 ildə Azərbaycan cəmiyyəti kifayət qədər oturuşub və siyasi prosesləri dəqiq analız edə bilir. Azərbaycan xalqı inanmıram ki, uzun illər əldə etdiyi sabitliyi pozmağa razılıq versin. Bilirlər ki, bu sabitliyin pozulması ölkədə hansı vəziyyətlərə gətirib çıxara bilər. Bizim xalq bir dəfə bu prosesləri yaşayıb. Eyni zamanda ABŞ onu da bilir ki, bu qüvvələr hər dəqiqə siyasi yönümün dəyişən qüvvələrdir. Ona görə də bu qüvvələrə qətiyyən inanmır. Amerika bilir ki, bu siyasi təşkilatların Azərbaycanda hakimiyyətə gəlməsi Azərbaycan dövlətində sabitliyin dərhal pozulması deməkdir. Siz təsəvvür edin İsa Qəmbərlə Əli Kərimlinin birgə hakimiyyətini. Yaxud Rəsul Quliyevlə Arif Hacılını. Bu adamların hakimiyyəti heç 1 ay da çəkməz. Bütün bunları ABŞ yaxşı bilir. Odur ki, Azərbaycan hakimiyyətinə təzyiq olunması üçün yenə də radikal müxalifətdən isitfadə edir".