“Putinin devrilməsi üçün lazım olan hər şey hazırlanıb” - AÇIQLAMA
Qabil Hüseynli: “Ağ Evin belə bir fəaliyyətə start verməsi ABŞ-ın milli təhlükəsizliyindən irəli gələn hadisədir”
29 May 2014 16:11 SiyasətPolitoloq Qabil Hüseynli ABŞ-ın Rusiya prezidenti Vladimir Putini devirmək üçün 30 milyard dollar ayırması barədə Konqresin qəbul etdiyi qanun layihəsinə münasibət bildirib. Qeyd edək ki, Putinin devrilməsinin maliyyələşdirilməsinə dair sənəd "Rusiya təcavüzünün qarşısının alınması aktı-2014" adlanır. Q.Hüseynli hesab edir ki, ABŞ-ın Putini devirməyə cəhd etməsi mümkün məsələdir. Politoloq Rusiya prezidentinin devrilməsinin mümkünlüyünü də istisna etməyib. Qabil Hüseynlinin sözlərinə görə, son dövrlərdə Rusiya mətbuatında yayılan da bu tip məlumatların sayı çoxalıb: "Ukrayna siyasi dairələrində belə bir fikir mövcuddur ki, Putinin sıradan çıxarılması üçün lazım olan hər şey hazırlanıb. Putinin xarici banklarda olan pullarının dondurulması, eyni zamanda etnik azlıqların fəaliyyətlərinin maliyyələşdirilməsi planda olan əsas amillərdir. Bu məsələdə daha çox Şimali Qafqaz xalqlarından istifadə ediləcək. Türkdilli xalqlara da üstünlük veriləcək. Putinə qarşı sui-qəsd işini həyata keçirmək ABŞ üçün elə də ciddi texniki problem təşkil etmir. Amerika bunu daha çox Rusiyada ciddi dəyişikliklərin həyata keçirilməsi konteksti üzərində düşünə bilər. Bu vaxt hakimiyyət strukturlarında dəyişikliklərin edilməsi fonunda da Putinin siyasi həyatdan uzaqlaşdırılması və digər məsələlər ortaya çıxa bilər. Ağ Evin belə bir fəaliyyətə start verməsi ABŞ-ın milli təhlükəsizliyindən irəli gələn hadisədir. Yəqin ki, bu ciddi əsaslara malikdir və həmin xəttdən geri çəkilməyəcək". ("OLAYLAR" İA)