İki bayram bir arada
29 May 2014 12:49 SiyasətTürk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi 28 may-Respublika Günü və liseyin 11-ci sinif şagirdlərinin təhsil müəssisəsini bitirmələri münasibətilə mərasim keçirib. Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan mərasimdə əvvəlcə Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu yad edilib. Daha sonra iki qardaş ölkənin dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edən Liseyin direktoru Əli Devrim, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan, millət vəkili Sabir Rüstəmxanlı məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Çıxış edən natiqlər əmin olduqlarını bildiriblər ki, liseyi başa vuran hər bir məzun ali təhsil müəssisələrinə qəbul olunacaq və Türk dünyası üçün əlindən gələni əsirgəməyəcək. Bildirilib ki, hər bir məzun fəxrlə Turan Yazqan yolunu davam etdirəcək, Türk dünyası, Turan uğrunda çalışacaqlar. Gecədə məzunlar Azərbaycan-Türkiyə dostluq-qardaşlığına həsr edilmiş şerlər səsləndirib, mahnılar ifa ediblər.