Azərbaycan Xalq Cumhuriyyəti: Türk demokratiyasının doğum tarixi
Dünyanı qarşısında diz çökdürən Attilası, çinlilərə Böyük Sədd çəkdirən hunları ilə türklər tarixidir
28 May 2014 10:22 Siyasəttürklər üçün təkcə üzərində yaşadığı torpaq yox, həm də tarixini özlüyündə gizlədən xəzinədir. Türk sivilizasiyanın ilk millətidir. Dövlət yaratmaq türkün ən təbii haqqı, müqəddəs amalı olub. Bu indi də belədir. Türklər istiqlal savaşının əsgərləridir. Türk bozqurddur. Bozqurd yaradılışın sirridir, rəmzidir. Bozqurdluq - ulu Tanrının bu dünyadan ən sevdiyi və seçdiyi əsgərlərinə - türklərə verdiyi müqəddəs vəzifədir. Mübarizə amalıdır. Bozqurd göydən enən varlıqdır. O, hər gecə üzünü Tanrıya tutub dua edir. Uca Tanrıya zikr edir. Siriuslar at kimi bozqurdu da türklərə hədiyyə edib və onlar bozqurd oldular. Bozqurd kimi türk də azadlıq sevdasının simgəsidir. Dünyanı qarşısında diz çökdürən Attilası, çinlilərə Böyük Sədd çəkdirən hunları ilə türklər tarixidir. Batıdan Doğuya at çapan türklər üçün dövlət qurmaq müqəddəs anlayışdır. Dövlət azadlıqdır. Hitler deyirdi: "Türklər elə bir millətdir ki, biri sağ qalsa belə, dövlət qurub intiqamını alacaq". Tarixi biz yaradırıq, dövlət yaratmaq da bizlikdir. Şərqdə ilk demokratik cumhuriyyəti də yaradan bizlərik. Azərbaycan Xalq Cumhuriyyəti - XX əsr cəhalətinə qarşı müqəddəs inqilabın adıdır. Cumhuriyyətin yarandığı vaxt həm də türk demokratiyasının doğum tarixidir. Əslində hələ Qərbdə demokratiya olmayanda türklərin varlığı dünya üçün örnək olacaq demokratiya idi. Nümunə: İsveç kralı "Dəmirbaş" Şarl yazır: "Poltavada əsir idim. Bu mənim üçün ölümə bərabərdi, xilas oldum. Buğ çayı qarşısında təhlükə getdikcə artırdı. Qarşımda su, arxamda düşmən, başım üzərində cəhənnəm atəşi püskürən Günəş. Su məni boğmaq, düşmən parçalamaq, Günəş isə əritmək istəyirdi, lakin yenə xilas oldum. Amma bu gün əsirəm. Türklərin əsiriyəm. Dəmirin, alovun və suyun etmədiyini onlar mənə etdilər. Təkcə ayağımda zəncir yoxdur, zindanda da deyiləm. İstədiyimi edirəm. Amma bu dəfə də şəfqətin, əsalətin, nəzakətin əsiriyəm. Türklər bax, məni bu cənnət bağına həbs etdilər. Bu qədər alicənab, bu qədər zadəgan, bu qədər incə millətin arasında azad əsir kimi yaşamaq bilsəydiniz nə qədər şirindir". Öz əsirinə azadlıq verən türklər dünyanın insanlıq təntənəsidir. Türklər ölməyi də bilirlər. Vətən, azadlıq və dövlət söz mövzusu olunca, türkə barrikadalarda ölmək yaraşır. Biz rus imperializminin silahlarından açılan atəşlərinə öldük və mübarizlik ruhumuzun diriltdiyi bir dövlət olduq - Azərbaycan Xalq Cumhuriyyəti. Ölə bildiyimiz üçün dövlət yaratmağı bacarırıq. Xalq Cumhuriyyəti rus imperializminə vurulan pəncə qıvraqlığı idi. Rusları ölkəmizdən kəndlinin yabası, şəhərlinin qələmi ilə qovduq. Xalq Cumhuriyyətini yaratmaq məqsədi həm də bizim üçün bir şərəf müharibəsi idi. Əsarətdə qalmaq türkə görə deyildi axı. Azadlıq şərəf işidir. Köklənmiş rus imperializminin Azərbaycan xəritəsini silmək böyük sirr kimi gələ bilər, lakin söz mövzusu azadlıq idi. Həm də bizdən başqa vətəni üçün can verən ikinci millət də yoxdur axı. Biz həm də yaşamağı bilirik. Tarixin bütün dövrlərində düşmənləri qarşısında qan səddi çəkən yeganə millət türklər yaşamağa layiqdirlər. Cəhalətə üsyan edib yoxluqdan Azərbaycan Xalq Cumhuriyyəti kimi böyük inqilaba başçılıq edən türklər niyə yaşamasınlar ki? Bəli, yaşamaq və lazım gəldiyində ölmək türkün şərəf vəzifəsidir. Dövləti yaratmaq işini də bizə kimsə öyrədə bilməz. Tarixə dövlət olmaq dərsi keçən bizlər Azərbaycan Xalq Cumhuriyyətilə bunu bir daha təkrarladıq. Bir tərəfdən güclü Qərb, digər tərəfdən imperialist Rusiyanın təzyiq şiddəti altında demokratik respublikanı yalnız bunu etməyi çox gözəl bacaran biz türklər yarada bilərdik. Azərbaycan Xalq Cumhuriyyəti də türkün dövlət yaratmaq sehirbazlığı idi. Kiçik arealda böyük məqsədin dirənişiydi. Tarixin bizdən öyrənəcəyi çox şey var. Doğum günün mübarək, Azərbaycanım!