“Müsavatın qurultayında başqan dəyişikliyi gözlənilən deyil”
Elçin Mirzəbəyli: “Faktiki olaraq bu insanlar siyasətdəki reallıqları bu günədək dərk etmədikləri üçün də hansısa, uğura imza ata bilməyiblər”
27 May 2014 14:22 SiyasətMüsavat Partiyasının qurultayına hazırlıq üzrə təşkilat komitəsi yekun qərar verib. Qurultay iyunun 28-nə təyin edilib. Bəzi mənbələr qurultayda partiyada başqan dəyişikliyinin ediləcəyini bildirirlər. Məsələyə münasibət bildirən BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzbəyli qeyd edib ki, Müsavatın nizamnaməsinə görə, partiyada başqan dəyişikliyi edilməlidir. E.Mirzəbəylinin sözlərinə görə, baş verən proseslər sübuta yetirib ki, Müsavat Partiyasının bəzi funksionerləri, o cümlədən İsa Qəmbər başqan dəyişikliyinin edilməməsi üçün qurultayın keçirilməməsinə çalışırdılar: "Məsələ ilə əlaqədar bu günədək müxtəlif bəhanələr gətirirdilər. Amma son nəticədə artıq bəhanə üçün heç yerin olmadığı görünür və qurultayı keçirmək qərarı veriblər. Başqanı dəyişmək üçün qərar partiyadan asılıdır. Məsələ başqan dəyişikliyində deyil, düşüncənin Azərbaycandakı siyasi proseslərə yanaşmasında reallıqları dərk etmənin dəyişməsindədir. Faktiki olaraq bu insanlar siyasətdəki reallıqları bu günədək dərk etmədikləri üçün də hansısa, uğura imza ata bilməyiblər. Mütəmadi olaraq özlərinin də elan etdikləri prinsiplərə arxa çevirdilər. Bu baxımdan da qurultayın Müsavatın taleyində fundamental rol oynayacağını gözləmirəm". ("OLAYLAR İA")