“Qərb Rusiyanın sovetsayağı qurumunu soyuqqanlı qarşılamayacaq” - AÇIQLAMA

Ərəstun Oruclu: “Rusiya bunun müqabilində digər postsovet ölkələrində mövqelərini itirməməyə çalışır”

Mayın 29-da Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentləri Avrasiya İttifaqının yaradılması haqqında müqavilə imzalayacaq. Mütəxəssislər qurumun yaradılmasını SSRİ-nin yenidən bərpa edilməsi kimi dəyərləndirirlər. "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu isə hesab edir ki, Rusiya Avrasiya İttifaqını yaratmaqla öz gücünü nümayiş etdirmək istəyir. Ə.Oruclu bildirib ki, qurum vasitəsilə itirdiklərinin xaricində Kreml postsovet məkanında olan digər ölkələri öz təsiri altına almaq niyyəti güdür. Politoloqun sözlərinə görə, xüsusilə indiki mərhələdə bu Rusiya üçün vacib məsələdir. Faktiki olaraq Rusiyanın Ukraynada uduzduğunu deyən Ərəstun Oruclu qeyd edib ki, Moskva bu ölkədə keçirilən prezident seçkisinə müdaxilə edə bilmədi: "Prezident lazım olan qaydada keçirildi. Kremı isə istədiyi nəticəyə nail olmadı. Yeni prezident Poroşenko əsas prioritet kimi ilkin mərhələdə Krımın geri qaytarılması məsələsini gündəmə gətirdi. Rusiya bunun müqabilində digər postsovet ölkələrində mövqelərini itirməməyə çalışır. Baxmayaraq ki, Ukraynada baş verən proseslərin Rusiyanın davranışı onun dünyaya meydan oxuması kimi təqdim olunurdu, amma nəticə göstərdi ki, Rusiya heç kəsə meydan oxumur. İstəyərdi, lakin bacara bilmir. Rusiya indi tələsir ki, heç olmasa qalan bölgələrində təsir imkanlarını itirməsin. Bu məsələlərdə ən etibarlı müttəfiqləri Qazaxıstan, Belarus və Ermənistandır". Ərəstun Oruclunun sözlərinə görə, Rusiyanın SSRİ-ni yenidən bərpa etmək gücündə olmadığını deyir. Politoloqun sözlərinə görə, Rusiyanın uğur qazana bilməyəcəyində önəmli məsələlərdən biri də təsir dairəsinə salmaq istədiyi həmin postsovet dövlətlərinin bu layihədə iştirak etməkdə maraqlı olmamalarıdır. O, Qərbin də bu məsələyə biganə qalmayacağı qənaətindədir: "Qərbin Qazaxıstanla geniş iqtisadi əlaqələri var. Qazaxıstan neftinin bir hissəsi Qərbə, bir hissəsi isə Çinə ixrac olunur. Qərb bundan sonra çalışacaq ki, Qazaxıstanla iqtisadi əlaqələrini daha da genişləndirsin. İndi təsir kimin əlindədirsə, siyasət də onun əlindədir. Qərb digər tərəfdən Qazaxıstan, Belarus və Ermənistana da təzyiqlər edəcək ki, Rusiyanın Avrasiya İttifaqı məsələsindən çəkinsinlər. Qərbin Rusiyaya bəlli təzyiq siyasəti var. Həmin təzyiqin bir qədər də gücləndiriləcəyi istisna olunmur. Qərb heç vaxt Rusiyanın başqa ad altında, sovetsayağı qurum yaratmasını soyuqqanlı şəkildə qarşılamayacaq". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00