Ukraynanın Qərb seçimi həllini tapdı - FİKİR
26 May 2014 16:19 Siyasət"Ukraynada seçkilər baş tutdu. Bu sevindirici hadisə Azərbaycan siyasi maraqları üçün də mühüm statusa malikdir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri VİP sədri Əli Əliyev Ukraynadakı president seçkilərinin nəticələrini şərh edərkən vurğulayıb. Bildirib ki, seçkilər nəticəsində Ukraynanın Qərb seçimi həllini tapmış oldu: "İnanıram ki, president seçilmiş Pyotr Poroşenko Avropa Birliyi ilə inteqrasiya yolunda maneələri adlayacaq. Eyni zamanda keçmiş sovet respublikaları üçün vacib olan Rusiya ilə mehriban qonşuluq əlaqələrinə də diqqət yetirəcək. Ukraynanın Qərb standartlarına keçidi dövlətin uzaq perspektivdə davamlı, sabit inkişaf ritminə transferini təmin edəcək. Böyük biznes nümayəndəsi olan UDAR hərəkatının namizədi qısa müddət ərzində Ukraynanı düşdüyü iqtisadi tənəzzüldən çıxaracağına əminəm". VİP sədri onu da deyib ki, ölkədə yaşanan mənəvi böhranın da aradan qaldırılması yolunda xeyli çətinliklər olacaq: "Lakin düşünürəm ki, Ukraynanın bu günkü siyasi və biznes elitası son yarım il ərzində yüksək səbat və cəsarət nümayiş etdirərək, prosesləri legitim sonluğa çatdıra bildisə, mənəvi problemləri də çözə biləcək. Hesab edirəm ki, Rusiyanın nəhəng diversiya maşınının qarşısında tab gətirmək böyük hadisədir".