Əhməd Davudoğlu: "Azərbaycanın sabitliyi Türkiyənin sabitliyidir"
26 May 2014 15:14 Siyasət"Azərbaycanın sabitliyi Türkiyənin sabitliyidir". Trend-in məlumatına görə, bu sözləri Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Türkiyə XİN rəhbəri onu da qeyd edib ki, bu formatda görüşlər bundan sonra da davam edəcək: "Əminliklə söyləmək olar ki, bu toplantıların regional təhlükəsizliyə də müsbət təsiri olacaq. Görüş zamanı müxtəlif mövzuları müzakirə etdik".
Bu, Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatında keçirilən ilk görüşdür.
Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.