Bələdiyyə seçkilərində hansı partiyalar iştirak edəcək?

Türkiyədə gərgin mübarizə şəraitində keçən seçkilər Azərbaycan müxalifətini də həvəsə gətirib

Bu il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Cari ilin sonuna nəzərdə tutulan seçkilərdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı əksər müxalifət partiyaları da iştirak etmək niyyətindədir. Artıq bir sıra müxalifət partiyalarında seçkilərə hazırlıq istiqamətində müvafiq işlər də həyata keçirilir. Xüsusilə, qardaş Türkiyə Cümhuriyyətində bu ilin mart ayında baş tutan bələdiyyə seçkilərinin gərgin mübarizə şəraitində keçməsi, hər bir bələdiyyə uğrunda mübarizədə hakim Ədalət və İnkişaf Partiyası ilə müxalifətin gərgin fəaliyyəti Azərbaycanda da siyasi partiyalar arasında bələdiyyə seçkilərinə marağı artıb. Bir qədər də konkretləşdirsək Türkiyədə baş tutan 30 mart seçkiləri Azərbaycan müxalifətini də həvəsə gətirib. Nəzərə alsaq ki, 2015-ci il Azərbaycanda parlament seçkiləri ilidir, o zaman bələdiyyə seçkilərində iştirak və daha çox bələdiyyə sahib olmaq təbii ki, partiyalar üçün prioritet sayıla bilər. Bəs görəsən müxalifət partiyaları  bələdiyyə seçkilərinə necə hazırlaşır?

Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev təmsil etdiyi partiyada seçkilərə hazırlıq istiqamətində müvafiq işlərin görüldüyünü deyib. Bildirib ki, sıravi demokratların əksəriyyəti də seçkilərdə iştirakın tərəfdarıdır: "Çünki hər bir partiya üzvü yerlərdə öz gücünü, qüvvəsini sınamaq, potensialını ortaya qoymaq istəyir. Ona görə də partiya olaraq bələdiyyə seçkilərində iştirak etmək barədə düşünürük". 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də rəhbərlik etdiyi partiyanın bələdiyyə seçkilərində iştirak edəcəyini deyib. Bildirib ki, AMİP-də seçkilərlə əlaqədar olaraq daimi qərargah fəaliyyət göstərir: "Bu ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində də Azərbaycan Milli İstiqlal Partiyası iştirak edəcək. Bu birməanlıdır". Yusif Bağırzadə deyib ki,  Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının son toplantısında da partiyanın seçkilərdə iştirak etməsinin zəruriliyi vurğulanıb: "Artıq rayon təşkilatları hazırlıq vəziyyətinə gətirilib və onlara müvafiq tapşırıq, tövsiyyələr, təlimatlar verilib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da təmsil etdiyi partiyanın bələdiyyə seçkilərində iştirak edəcəyini söyləyib. O, bildirib ki, BAXCP  bu il keçiriləcək bələdiyyə seçkilərində iştiraka və bu istiqamətdə hazırlıqlara artıq  bir neçə ay bundan əvvəl start verib: "Partiyanın 56 rayon şöbəsində bununla bağlı işlər görür, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının  təşkilat üzrə katibliyi müvafiq işlər həyata keçirir.  Çalışacağıq ki, əksər dairələrdən BAXCP-nin namizədi seçkidə iştirak etsin". Niyaməddin Orduxanlı onu da bildirib ki, BAXCP-nin partiya olaraq bələdiyyə seçkilərində iştirak etmək istiqamətində böyük təcrübəyə malikdir: "Son bələdiyyə seçkilərində BAXCP üçüncü yeri tutub. Bu dəfəki seçkilərdə isə çalışacağıq ki, bundan da böyük naliyyət əldə edək. Bizim potensialımız buna imkan verir".

Vətəndaş və İnkişaf Partiyası da bələdiyyə seçkilərində iştirak etməyi qarşıya məqsəd qoyub. Partiyanın sədr müavini Ramil Hüseynov VİP-in rayon təşkilatlarında bələdiyyə seçkilərinə hazırlıq istiqamətində müvafiq işlərin görüldüyünü, daha güclü və seçkidə qələbə qazanma potensilı daha çox olan namizədlər müəyyənləşdirilir: "Qarşıdan gələn 2015-ci il parlament seçkiləri ili olduğu üçün bələdiyyə seçkiləri hər bir siyasi partiya üçün vacib hesab edilə bilər. Yəni, bələdiyyə seçkiləri parlament seçkilərinə hazırlaşmaq baxımından ciddi sınaq sayıla bilər. Ümid edirik ki, Vətəndaş və İnkişaf Partiyası bələdiyyə seçkilərində uğurlu nəticə əldə edərək parlamentə gedən yolunu bir qədər də asanlaşdıracaq".

Azadlıq Partiyası isə bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. Partiyanın sədri Əhməd Oruc onu da deyib ki, ancaq azadlıqçılara fərdi, müstəqil şəkildə seçkidə iştirak etmək üçün heç bir məhdudiyyət tətbiq edilməyəcək. İstənilən partiya üzvü seçkidə müstəqil şəkildə iştirak edə bilər.

Prezident seçkilərində Rusiyanın layihəsi olan Milli Şuranın çətiri altında fəaliyyət göstərən, hazırda isə "mehriban düşmən"ləri xatırladan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası isə hələlik bələdiyyə seçkilərində iştirak edib-etməmək barədə qərar verməyib. AXCP can verməkdə olan Milli Şuranı diriltməyə çalışdığı halda, Müsavat Partiyasının başı qurultaya qarışıb.

F.Məhəmməd
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00