Azərbaycanlı gənc BMT Qərargahinda Avropa Şurasini təmsil edəcək
26 May 2014 13:15 SiyasətGənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov Azərbaycan gəncləri adından və Avropa Şurası Gənclərlə İş üzrə Məşvərət Şurası adından BMT-nin Nyu-York şəhərində yerləşən Qərargahında ECOSOC Gənclər Forumunda iştirak etmək üçün dəvət alıb. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, tədbirin əsas məqsədi - 2015-ci ildən sonra qlobal inkişaf hədəflərinin müəyyənləşdirilməsi prosesində gənclərin iştirakını təmin etmək, gənclərin əsas prioritet olaraq önə çəkilməsini dəstəkləməkdir. Tədbir 2-4 iyun tarixlərində Nyu-York şəhərində BMT-nin Qərargahında baş tutacaq. Qeyd edək ki, GTMŞ-nin baş katibi Azərbaycandan yeganə gənc nümayəndə olmaqla yanaşı, 2014-2015-ci illər üçün üzvü olduğu Avropa Şurası Gənclərlə İş üzrə Məşvərət Şurasının da rəsmi təmsilçisi olacaq. Tədbir çərçivəsində müxtəlif görüş və iclaslarda iştirak edəcək.