Qənirə Paşayeva mükafatlandırıldı
26 May 2014 12:20 SiyasətMillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva İstanbul Türk Ocaqları tərəfindən Azərbaycan və Türkiyə, ümumilikdə Türk Dünyası qeyri-hökumət təşkilatları arasında sağlam işbirliyinin qurulması istiqamətindəki fəaliyyətinə görə mükafata layiq görülüb. "OLAYLAR"-ın xəbərinə görə, mükafat millət vəkili Qənirə Paşayevaya İstanbul Türk Ocaqları rəhbəri Cezmi Bayram tərəfindən təqdim edilib. O, bildirib ki, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva deputat olmaqla bərabər QHT rəhbəri olaraq da hər zaman bütün platformalarda çıxışlarında və fəaliyyətində "bir millət, iki dövlət" düşüncəsi ilə çalışır və Azərbaycan həqiqətləri ilə bərabər Türk dünyası həqiqətlərini də dünyaya çatdırır və bu istiqamətdə çoxlu sayda layihələr həyata keçirir, kitablar, məqalələr yazır. Azərbaycan və Türkiyə, ümumilikdə Türk Dünyası qeyri-hökumət təşkilatları arasında sağlam işbirliyinin qurulması, bütünləşmə, birlik və bərabərliyi yolunda əlindən gələni etməyi özünə bir borc bildiyini və bu istiqamətdə bundan sonra fəaliyyətini davam etdirəcəyini deyən millət vəkili Türk Ocaqları ilə birgə ortaq layihələrinin bundan sonra daha da artacağına inandığını bildirib.