ABŞ-ın Kannektikut ştatında Respublika Günü ilə bağlı qətnamə qəbul edilib
23 May 2014 18:18 SiyasətAzərbaycan Respublikasının 1918-ci il 28 may tarixində yaranmasını və dünya azərbaycanlılarının bu günü dövlət bayramı günü kimi qeyd etməsini nəzərə alaraq, ABŞ-ın Kannektikut ştatının Danburi şəhərinin meri Mark Bouqton 28 May - Respublika günü münasibətilə qətnamə qəbul edib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, qətnamədə, Azərbaycanın Qafqazda güclü ölkə olması, Qərbi Asiya ilə Şərqi Avropanın yolayrıcında yerləşməsi və müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olması qeyd edilir. Sənəddə respublikanın hələ ilk illərində regionda azadlıq və demokratiyanın bərqərar olması üçün azərbaycanlıların verdiyi töhfələr yüksək qiymətləndirilib.
Sənəddə həmçinin Amerika Azərbaycanlılar Şəbəkəsinin (USAN) və Nyu-York Azərbaycan Assosiasiyasının Azərbaycanın tarixi, mədəniyyətini yerli əhaliyə tanıtma səyləri, diaspora fəaliyyəti də xüsusi vurğulanır.