“Bəşər Əsəd seçkidən oyun kimi istifadə edəcək” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Bu ölkədə insanlara qarşı törədilən cinayətlər heç nasist Almaniyası tərəfindən həyata keçirilməyib”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Suriyada keçiriləcək prezident seçkisinə münasibət bildirib. E.Mirzəbəyli qeyd edib ki, Bəşər Əsəd seçki amilindən istifadə edərək hakimiyyətini qoruyub saxlayacaq. BAXCP rəsmisi hesab edir ki, seçkilərin əsl mahiyyəti də bundan ibarətdir: "Suriyada davam edən vətəndaş müharibəsinin qarşısının alınması istiqamətində bu günədək prinsipial addımlar atılmayıb. İndiki situasiya onu göstərir ki, Bəşər Əsədin bundan sonra geri qayıtmaq niyyəti yoxdur. Əslində bunun üçün imkanları məhduddur. Çünki silahlı qruplaşmaların əhəmiyyətli hissəsi terror təşkilatlarının əlindədir. Eyni zamanda sülh danışıqlarının aparılması üçün konkret tərəflər də yoxdur. Suriyada bir yox, bir neçə tərəf var. Bu baxımdan da seçkilərin ölkədə baş verən proseslərə ciddi təsir göstərəcəyi inandırıcı deyil. Seçki Bəşər Əsədə görə, xalqın dəstəyinin onun tərəfində olduğunu nümayiş etdirmək üçün oyundur". Elçin Mirzəbəyli Bəşər Əsədin sonunun nə vaxt olacağı barəsində fikir söyləməyin də artıq çətin olduğu qənaətindədir. O, bildirib ki, Suriya məsələsində dünyanın aparıcı qüvvələrinin yürütdüyü siyasət öncədən nəticə vermədi. Qərb-Rusiya qarşıdurmasının nəticəsi olaraq Suriyanın dünyanın ən fəlakətli bölgəsinə çevrildiyini deyən Elçin Mirzəbəylinin sözlərinə görə, bu ölkədə insanlara qarşı törədilən cinayətlər heç nasist Almaniyası tərəfindən həyata keçirilməyib: "Kimin sonunun nə vaxt olacağını bilmirəm, amma Suriyanın sonu artıq dövlət olaraq çatıb. Belə bir ölkə artıq faktiki olaraq, mövcud deyil. Mərkəzi qrupların nəzarətində olan, nəzarətsiz ərazidir. Suriyada əslində vətəndaş yox, silahlı cinayətkarların müharibəsi baş verir. Lakin qlobal güclərin hadisələrin əvvələrində məsələni sülh yolu ilə həll etmək imkanları vardı. Bəşər Əsəd bunu istəməsəydi belə, burada siyasi texnologiyalardan istifadə etməyə ehtiyac hiss olunurdu. Amma görünürdü ki, beynəlxalq güclər üçün insan amili əhəmiyyətli deyil. Onların iddialarının həyata keçirilməsi üçün, hətta milyonlarla insanın belə qətlə yetirilməsinə imkan yaradırlar. Suriyadakı faciə bu gün beynəlxalq hüquq və güc siyasətinin ortaya çıxardığı tragediyadır". ("OLAYLAR" İA)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00