Bakıda AŞ PA Daimi Komitəsinin iclası keçirilir

Oqtay Əsədov: “Azərbaycan Avropa dəyərlərinə sadiqliyini real addımlarla sübut edir”

 Mayın 23-də Azərbaycan parlamentində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası öz işinə başlayıb. İclas Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində (14 may - 13 noyabr 2014) baş tutub. İlk olaraq çıxış edən AŞPA-nın sədri Anne Brasseur qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurası Parlament Assambleyası aydın şəkildə öz prinsipial mövqeyini ifadə edib və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib: "Hər iki ölkə- həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına üzv olan zaman öz üzərlərinə öhdəliklər götürüb ki, yalnız dinc yolla münaqişənin həllini mümkün edəcəklər". A. Brasseur həmçinin Ukraynadakı vəziyyətlərə toxunub. Bildirib ki, Assambleya bu məsələyə seçkilərdən sonra bir daha nəzər yetirəcək: "Ukrayna dövlətinin ərazi bütövlüyünə hörmət bizim əsas missiyamızdır. Bu elə bir məsələdir ki, Assambleya sadəcə Ukraynaya münasibətdə deyil, eləcə də Azərbaycana qarşı münasibətdə də olan mövqeyini ifadə edib. Ukrayna və Azərbaycan yeganə ölkələr deyil ki, onların ərazi bütövlüyü pozulub. Bu cür dondurulmuş münaqişələr Avropada kifayət qədər mövcuddur. Bu da bizim dəyər və prinsiplərimiz üçün çox böyük təhlükə yaradır. Eyni zamanda əhalinin rifahı üçün də təhlükə yaradır". AŞ PA sədri əlavə edib ki, demokratiya və qanunun aliliyi prinsipi ilə bu təşkilatı gücləndirmək olar. Ona görə də AŞPA-nın Nazirlər Kabinetinə sədrlik edən ölkələr öz fəaliyyətlərində bu prinsipləri rəhbər tutmalı və islahatları gücləndirməlidir. Azərbaycanda toplaşma, ifadə azadlığı, məhkəmə müstəqilliyi sahəsində problemlər təcili həllini tapmalıdır. Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov isə AŞPA sədrinin çıxışına hücumla başladığını və bundan narazı qaldığını bildirib: "Azərbaycan korrupsiyaya qarşı ciddi mübarizə aparır. Ümidvaram ki, AŞPA Azərbaycanda gedən islahatları dəstəkləyəcək". O. Əsədov həmçinin qeyd edib ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə Bakıda 18 tədbir keçiriləcək: "Azərbaycan Avropa dəyərlərinə sadiqliyini real addımlarla sübut edir. Zəruri islahatların aparılması üçün düşünülmüş tədbirlər görür. Azərbaycan AŞPA qarşısındakı öhdəliklərə daim hörmətlə yanaşıb". Spiker onu da vurğulayıb ki, AŞPA Ermənistanın təcavüzü, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və köçkün problemlərinə xüsusi diqqətlə yanaşmalıdır: "Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. ATƏT-in Minsk qrupunun fəaliyyəti 20 ildir nəticə verməyib. Ancaq Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. Buna görə də Ermənistan üzərindən işğal olunmuş torpaqlarımıza gedən şəxslər "persona non-qrata" elan edilib. Rene Rukeyə viza verilmədiyinə görə AŞPA Bürosu qərar verib ki, iki il ərzində AŞPA-nın komitələrinin Bakıda iclası keçirilməsin. Bu qərar hələ prosedur mərhələsindədir. Ümid edirəm ki, AŞPA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq". Sonra Azərbaycanın xarici işlər naziri, AŞ Hazirlər Komitəsinin sədri Elmar Məmmədyarov əvvəlcə Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə prioritetlərini açıqlayıb: " Müzakirə olunacaq mövzulara miqrantlar və qaçqınlar arasında QİÇS-ə qarşı mübarizə, miqrantların yetkinlik yaşına çatan övladlarının hüququları və Avropanın məcburi köçkün və qaçqınlar standartlara uyğun olmayan kollektiv mərkəzlərinə alternativlər daxildir. İclasda həmçinin İdman Müsabiqələrinin Manipulyasiyasına qarşı Avropa Şurasının Konvensiyasının layihəsi, Milli İnsan Hüquqları İnstitutları ilə Parlamentlər arasında bərabərlik və qeyri-ayrı-seçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi və "BEŞDƏN BİR" Kampaniyasının sona çatması müzakirə olunacaq". Sonra bildirib ki, REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarı hüquqi prosedurlar çərçivəsində həllini tapacaq. İnsan hüquqları barədə iradlara münasibət bildirən E. Məmmədyarov vurğulayıb ki, Azərbaycanda insan hüquqları ilə bağlı daha çox işlərin görülməsinin zəruridir: "İnsanların fəlsəfəsini, düşüncəsini dəyişmək vacibdir. Əsas prosesin başlanmasıdır və sizi inandırıram ki, Azərbaycanda bu proses başlayıb". Xarici işlər naziri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik vasitələr tükənməyib: "Madrid təklifləri çox real təkliflər idi, addım-addım irəli gedə bilərdik. Bu münaqişə bir gecədə həll oluna bilməz, çünki dərin münaqişədir. Qaynar müharibənin nəticələri aradan qaldırılmalı, daha sonra insanlar arasında etimad mühiti yaradılmalıdır. Ən mühüm təhdid Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. İlk növbədə Ermənistan qoşunları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılmalıdır. O yerlərdə heç vaxt ermənilər yaşamayıb. Daha sonra kommunikasiya bərpa edilməlidir. Bu tərzdə yanaşma mühümdür. Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə olması qıcıqlandırıcı amildir". Parlamentarların Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandıran E. Məmmədyarov aqressiv separatizmə veriləcək cavabların müzakirə olunmalı olduğunu söyləyib: "Öz müqəddəratını təyin etmək o demək deyil ki, dövlətin ərazi bütövlüyünü pozasınız. Çünki bu, sonsuzluğa gedən məsələdir. Nazirlər Komitəsinin sədri kimi bu məsələyə belə münasibət bildirərdim". E. Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər edən şəxslərin "persona non-qrata" elan edildiyini bir daha xatırladıb: "Həmin şəxslər sonradan Azərbaycana müraciət etdikdə, o siyahıdan çıxarıla bilər". Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlara da toxunan xarici işlər nazirinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Azərbaycanda hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı sualları cavablandıran E. Məmmədyarov deyib ki, hüquqi prosedura müdaxilə edə bilməz, bu, qanun pozuntusu olar: "Bu sahədə prosesləri izləyəcəyik, ancaq müdaxilə edə bilmərik. Siz bu suallarınızla çiynimə yük qoymaq istəyirsiniz, ancaq mən bir daha deyirəm ki, məhkəmə prosesinə qarışa bilmərəm". Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına toxunan Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun dayanıqlı inkişafına mənfi təsir göstərir: "BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və münaqişə bu 4 qətnamə əsasında həll olunmalıdır. Münaqişə ölkələrin ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtması prinsipləri ilə həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri bir gün sonra icra olunub, Ancaq Azərbaycanla bağlı qətnamələr 20 ildir ki, icra olunmur. Bu, ikili standartlarla bağlıdır. BMT qətnamələri gec-tez icra olunacaq. Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Ermənistan da bundan qazanacaq". Sonra parlamentarilər iclasın gündəliyində duran məsələlərin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00