Müsavat AXCP ilə ittifaqa can atır
İsa Qəmbər Əli Kərimlinin şərtlərini qəbul edə biləcəkmi?
23 May 2014 13:31 SiyasətRusiyanın keçmiş SSRİ məkanında aktivləşməsi Azərbaycan müxalifətində canlanma yaradıb. Müsavat düşərgəsi Rusiyanın Ukraynada törətdiyi təxribatları digər müstəqil dövlətlər üçün təhlükə hesab edir və Qərbmeylli qüvvələrin birliyini vacib sayır. Hesab olunur ki, Rusiyanın postsovet respublikalarına nüfuz etməsi sürətləndikcə Qərb bu ölkələrin müxalifətinin güclənməsinə çalışacaq. Müsavatda hesab edirlər ki, son bir neçə həftə ərzində Azərbaycanla bağlı baş verənləri, məsələn, Fransa prezidentinin müxalifət liderləri ilə görüşməsini, ABŞ səfiri Riçard Morninqstarın müsahibəsini, Avropa Şurası baş katibinin Bakıda verdiyi bəyanatları, Avropa Şurası və AŞ PA rəhbərliyinin Bakıya toplaşmasını sözügedən proqnozun reallaşması istiqamətində işartılar saymaq olar. Ən sonda Müsavatda düşünürlər ki, belə olan halda Qərb müxalifət partiyalarından, əsasən də Müsavat Partiyası ilə AXCP-dən ortaya yeni birlik qoymalarını istəyəcək. Müsavat Partiyası Divanının üzvü İkram İsrafil AXCP ilə yeni birliyin yaranmasını istisna etməyib. "Zaman-zaman Müsavatla AXCP ölkədə keçirilən mühüm seçkilərdə bir blokda olublar və həmin blok ölkədə ən çox seçici səsi qazanıb. 2013-cü il prezident seçkilərində də seçkinin bütün yükünü demək olar ki, bu iki partiya daşıdı. Mən Müsavat Partiyası ilə AXCP-nin bundan sonra heç vaxt bir yerdə olmasının mümkün olmadığı fikirlərini bölüşmürəm". Maraqlıdır ki, Müsavat bu dəfə də önə sabiq deputat İkram İsrafili buraxıb. İkram İsrafil Milli Şuranın əleyhinə ardarda bəyanatlar vermiş adamdır. Müsavatın Rauf Arifoğlu qanadı çətin günlərdə məhz onu irəli buraxdı, o da AXCP-nin Milli Şura siyasətini sərt tənqid etdi. Doğrudur, İkram İsrafilin tənqidində əsas ağırlıq yükü Milli Şuranın, qurumun Rusiyameylli olmasının üzərində düşsə də, Şuranın qoruyan əsas güc də AXCP olduğu üçün onun açıqlamaları daha çox cəbhəçiləri qəzəbləndirirdi. AXCP İkram İsrafilin açıqlamasına hələ cavab verməyib. Amma iş burasındadır ki, siyasi situasiya gerçəkdən də dəyişib. AXCP ilə Müsavatın bir araya gəlməsi üçün şərait yaranıb. Ancaq bir iş də var ki, Milli Şura ilə bağlı üz-üzə gələndə bu partiyalarda bəzi fiqurlar çox irəli getdilər. Məsələn, "AXCP-nin Göbbelsi" adını almış Fuad Qəhrəmanlı bildirdi ki, AXCP bir daha heç zaman Müsavatla müttəfiq olmayacaq. AXCP sədri Əli Kərimliyə yaxın Xaliq Bahadır Müsavat başqanı İsa Qəmbəri, "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunu müxalifətə xəyanətdə ittiham etdi. Müsavatdan AXCP sədrinin 1993-2000-ci illərdəki fəaliyyətini təftiş edənlər tapıldı. İndi birlik və barış üçün bu adamlar geri çəkilməlidir. 2000-ci ildə Müsavat AXCP-nin parçalanmasınan istifadə edib "Yurd" qanadını müxalifətdən dışladı. 2002-ci ildə müxalifətin yeni birliyi yarananda Müsavat AXCP sədri Əli Kərimliyə şərt qoydu: "Uzun müddət Müsavata və müxalifətə qarşı daxildə mübarizə aparmış, separatçılıq etmiş Asim Mollazadə partiyadan uzaqlaşdırılsın". AXCP bu şərti yerinə yetirdi, bir qrup şəxs (bu sırada hətta Kərimlinin qohumu da vardı) partiyadan çıxarıldı. İndi eyni situasiya yaranıb. AXCP vəziyyəti düzgün qiymətləndirir. Onun əlində Milli Şura var. Müsavat təkdir. Birlik daha çox Müsavata lazımdır. Bu baxımdan AXCP-nin Müsavata şərt irəli sürəcəyi tamamilə realdır. Bəs AXCP-nin şərtləri nə ola bilər? Fikrimizcə, AXCP ilk növbədə Rauf Arifoğlunun və onu dəstəkləyənlərin Müsavatdan, Pənah Hüseynin müxalifətdən dışlanmasına çalışacaq. Müsavat olduqca çətin şərtlərlə üz-üzə qalacaq. Ya AXCP ilə müttəfiq olaraq müxalifətdə mövqeyini möhkəmləndirməli, ya da təklənmiş durumda qalmalıdır. Birincini seçmək üçün Müsavat qurbanlar verməlidir. Bu qurbanlar isə sıradan adamlar deyil. Partiyanı parçalamaq gücündə olan şəxslərdir. Bu baxımdan Müsavatdan qopmaların olması tamamilə mümkündür.
Ərhun Abbas