Nurçulardan böyük küfr

Onlar Səid Nursini “Zamanın sahibi” hesab edirlər

Redaksiyamız nurçu cameənin təmsil edən bir qrup tələbədən məktub daxil olub. "Bir neçə Nur tələbəsinin Risale-i Nurdan mediaya cavabları" başlıqlı məktubda qeyd olunur. ki, son zamanlar mediada "nurçular" haqqında gedən yazılar "Risale-i Nuru oxuyan  universitet tələbələrini" bu məktubu yazmağa vadar edib. Elə bu ifadə bəzi gülənçilərin "Azərbaycanda nurçu yoxdur" fikrini təkzib edir. Azərbaycanın tanınmış ali məktəblərində, özəlliklə də gülənçi universitetlərdə nurçular var və onlar bu təsdqi edirlər. Məktubda qeyd olunur ki, Risale-i Nur külliyatı Quran-ı Hakimin bu zamanın fəhminə uyğun bir dərsidir. "Quran-i Kərim" bitməz-tükənməz bir xəzinədir. Bu zamana kimi Qurana üç yüz əlli min təfsir, izah  yazılmışdır. Və bu təfsirlər öz dövrlərində Quranı və Peyğəmbərimizi(s.a.s) anlamada, insanların imanlarını qorumaqda çox böyük xidmətləri olmuşdur. Quran-i Kərimi ilk təfsir edən Peyğəmbərimizin hədisləridir: "Təfsir iki qisimdir. Birisi: Məlum təfsirlərdir ki, Quranın ibarəsini və kəlimə və cümlələrinin mənalarını bəyan,  izah və isbat edərlər. İkinci qisim təfsir isə: Quranın imani olan həqiqətlərini qüvvətli dəlillərlə bəyan, isbat və izah etməkdir. Risale-i Nur, doğrudan doğruya bu ikinci qismi əsas tutmuş, əmsalsız bir tərzdə inadkar filosofları da susduran bir mənəvi təfsirdir". Bu fikirdən belə nəticə hasil olur ki, islam şəriəti haqqında bu günə qədər ki təfsirlər yanlış olub, ancaq nurçuların təfsiri doğrudur. Göründüyü kimi, bu yanlış iddiadır və böyük islam alimlərinin fikirlərini heçə sayır.

Saha sonra yazılır: "Bədiüzzaman Said Nursi Quran-i Kərimdəki bu əsrin insanlarının möhtac olduğu həqiqətləri kəşf edib, Nur risalələrində, hər kəsin qabiliyyəti nisbətində istifadə edə biləcəyi tərzdə təfsir və izah etmək müvəffəqiyyətinə mazhar olmuşdur. Bunun üçündür ki, Risale-i Nur, əmsalı görülməmiş bir şah əsərdir qənaətinə varılmışdır. Və yenə Risale-i Nurdakı bu imtiyazdan dolayıdır ki, Türkiyədə milyonlarca bəxtiyar kimsələr ehtiyac duyaraq, böyük bir iştiyaq və sevgiylə illərcə davam edən təzyiqlər içərisində Risale-i Nuru oxumuşlar. Həm Risale-i Nur ehtiyac zamanında təklif edildiyindən, Türkiyə və İslam Dünyası genişliyində gəlişmiş və dünyanı əlaqədar edən bir imtiyaza mazhar olduğunu gözlərə göstərmişdir. Dünyanın əlli böyük dilinə tərcümə edilmişdir. Azərbaycanda da iyirmi üç ildir oxunur və on minlərcə insanın rəğbətini qazanmışdır". Bu iddiaya görə, Azərbaycanda yalnız nurçu risalələri daha mötəbərdir, insanlar yalnız ona etimad göstərir, ona inanırlar. 

"Bədiüzzaman Said Nursi" ifadəsi isə nurçuların nözənbillah Allahlıq iddiasında olduğunun təsdiqidir. Bu ifadə "Zamanın sahibi" deməkdir. Belə çıxır ki, şiə-cəfərilikdəki "Mehdi inancı" nurçuluqda da var. Şiələr 12 imamın mövcud olduğuna inanırlar. Hesab edilir ki, 12-ci imam Mehdi sahib-əz-zamandır ki, qeybə çəkilib, qiyamətdən öncə zühur edəcək, müsəlmanları doğru yola çağıracaq.  

Nurçuların "Bədiüzzamanı" daha "səlahiyyətli", daha "qüdrətlidir". Nurçular bu ifadəni işlətməklə böyük küfr etdiklərinin, günaha girdiklərinin fərqində deyillər.

Zaur Sultanbud
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00