ABŞ səfirinin “demokratiya dərsi” - ŞƏRH
19 May 2014 16:49 SiyasətBirləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstarın bu günlərdə kütləvi informasiya vasitələrinə verdiyi müsahibə ictimai-siyasi dairələr tərəfindən birmənalı qarşılanmayıb. Diplomat müsahibəsi zamanı işlətdiyi ifadələrlə açıq-aşkar Azərbaycana milli maraqlarımıza zidd addım atmasını tövsiyyə edib, Qərbin Rusiyaya qarşı açdığı cəbhədə rəsmi Bakının da yer almasını məqsədəuyğun sayıb.
Diplomatın məlum müsahibəsinə münasibət açıqlayan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasinin katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, Riçard Morninqstarın müsahibəsi qeyri-obyektiv və qərəzli olduğu qədər də təhlükəlidir: "Məsələ ondadır ki, ABŞ-ın regionda mövcudluğunu həzm edə bilməyən daxili və xarici qüvvələr səfirin bu müsahibəsində səsləndirdiyi fikirlərdən fərqli nəticələr çıxarar və öz fəaliyyətlərini fəallaşdırmaq üçün həmin mövqeni bir siqnal kimi qəbul edə bilərlər. Bu reallıq isə ilk növbədə ABŞ-ın region maraqlarını ciddi sual altına qoymuş olar". Ekspert deyir ki, səfirin statusuna uyğun olmayan səviyyədə kəskin və emosional davranışı fonunda Prezident Administrasiyası Rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun həmin müsahibəyə cavab reaksiyası kifayət qədər təmkinli, arqumentli, məntiqli və sistemlidir: "Cənab Novruz Məmmədov yüksək ranqlı dövlət məmuru olaraq fikirlərində yalnız təsdiqlənmiş faktlara istinad edir. Başqa cür ola da bilməz. Deməli, onun "Hamı çox yaxşı bilir ki, Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Dünya mətbuatı bu məsələlər barədə ətraflı yazılar dərc edib. Sadəcə olaraq qeyd etmək istəyirəm ki, 2013-cü ildə Azərbaycanda da müxalifətçi gənclərin istifadə etmək istədikləri "Molotov kokteyli"ləri ABŞ-ın dəstəyi ilə hazırlanıb",-fikirlərinin yalnız dəqiq və son dərəcə etibarlı mənbələrə malik olmaqla söylənildiyi faktı mübahisə predmeti ola bilməz". Elman Nəsirovun sözlərinə görə, müsahibədə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səfirin narahatlığının ifadə olunduğu mövqe əslində real vəziyyətə nəinki adekvat deyil, əksinə birbaşa ölkəmizin daxili işlərinə qarışmaq anlamını özündə ehtiva edir: "Bəlkə də, beynəlxalq hüququn deyil, gücün hüququnun işlədiyi müasir dünya gerçəkliyində səfiri bir halda qınamamaq olardı. O da səfirin təmsilçisi olduğu dövlətin dünyada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nümunəvi davranış tərzi nümayiş etdirməsi halında mümkün idi. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Bu yerdə Napoleonun "kimin nədə problemi varsa, o haqda daha çox öyüd-nəsihət verir" kəlamını xatırlamaq yerinə düşür. Əslində insan haqlarının müdafiəsi ilə bağlı ABŞ-ın başqalarına dərs keçməsinə mənəvi haqqı yoxdur. Niyə? Faktlar və arqumentlərin natamam təqdimatı belə bu nəticəni labüd edir. Onları səfir Riçard Morninqstarın diqqətinə çatdırırıq. Əvvəla, ABŞ-da "Ku-kluks-klandan ta Quantanama"ya qədər insan haqlarının pozulması deyil, hədəfində insanın tam hüquqsuz vəziyyətə salınaraq cismani məhvinə ünvanlanmış siyasət artıq "top secret" qrifi altından "azadlığa" çıxmışdı. Bu məlumatlar artıq hər kəsə bəllidir. İkincisi, ABŞ insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskirminasiyaya və insanların oğurlamasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməyib. ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-i ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan edib. Üçüncüsü, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20 faizini ksenofob adlandırmaq olar. Təxminən o qədər də amerikalının düşüncəsinə görə İslam dininin daşıyıcıların bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz". Elman Nəsirovun sözlərinə görə, ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyət belə narahatlıq doğurmaya bilməz: "Ölkənin 15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsinə icazə verilir. Onlara cəza verilərkən yeməkdən məhrumetmə, naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq vasitərindən istifadə olunur. ABŞ-da söz azadlığının qorunması sahəsində də ciddi problemlər mövcuddur. 2012-ci ilin yanvar ayında "Sərhədsiz repartyorlar" təşkilatı bu sahədə ABŞ-ın reytinqini 27 bənd üzrə aşağı salıb. 2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanıb. "Uol-striti zəbt et" hərəkatının aksiyalarını işıqlandıran jurnalistlərə qarşı polisin assimmetrik davranışına cavab olaraq ABŞ-ın bu sahədə beynəlxalq reytinqi aşağı salınıb. Həmin dövrdə 80-dən artıq jurnalist polisin qəddar davranışının hədəfində olduğu elə ABŞ-ın öz KİV-nin yaydığı məlumatlardan bəllidir". Ekspert bildirib ki, səfirin "demokratiya dərsi"nə cavab olaraq onu da xatırlatmaq yerinə düşər ki, ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştalarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilib: "Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümümi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar. Nəhayət sonda cənab səfir Riçard Morninqstara onu xatırladaq ki, ABŞ-ın 237 illik demokratiya tarixi və ənənələrinə malik olması haqqında iddiaları da görünür əsl reallığa tərs mütənasibdir. Öz gözündə "tiri" görməyən ABŞ başqalarının gözündə "qıl" axtarır və qısa zaman ərzində "demokratiyanın triumfunu" tələb edir. Davranış və fəaliyyətində amiranəliyə və "əzələ nümayişinə" üstünlük verən və elə bu səbəbdən də haqlı olaraq dünya ictimaiyyətində getdikcə daha çox mənfi assosiasiya ilə qəbul edilən ABŞ unutmamalıdır ki, təkcə konstitusiyanı qəbul etmək üçün ona 11 il, ölkəni köləlikdən azad etmək üçün 89 il, qadınlara səs hüququ vermək üçün 144 il və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik zaman kəsiyi lazım oldu. Təəssüf ki, demokratik dövlət quruculuğu yolunda atdığı bütün bu geçikmiş addımlar belə ABŞ-ı demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevirə bilməyib".
Məhəmməd