“Rusiyada yanğın siyasəti həyata keçirilə bilər” - AÇIQLAMA
Qabil Hüseynli: “Moskvaya edilən xəbərdarlıq mesajlarında Ukraynanın Rusiyaya qarşı Əfqanıstana çevrilmə ehtimallarından bəhs edilir”
19 May 2014 15:07 SiyasətPolitoloq Qabil Hüseynli Ukrayna mətbuatının Rusiyada meşə zolaqlarının yandırılması siyasətinə start verilməsi barədə iddialarına münasibət bildirib. Q.Hüseynlinin sözlərinə görə, Türkiyə Rusiya qədər geniş meşə massivlərinə sahib deyil, amma bu ölkənin turizm bölgələri yaşıl zolaqlarla zəngindir. Həmin yaşıl zolaqlarda mütəmadi şəkildə yanğınlar törədilir. Politoloq hesab edir ki, Türkiyə həmin fəlakətləri lokallaşdırıb tez söndürə bilir: Çox vaxt həmin yanğınlarda PKK-nın əlinin olmasının iddia olunduğunu deyən Qabil Hüseynlinin sözlərinə görə, terrorçular piknik keçirmək adı ilə meşəliklərə girərək, yanğınlar törədib aradan çıxırlar: "Amma Rusiya şəraitində meşə yanğınları törətmək daha asandır. Rusiya meşələrində məskunlaşma zonaları çox azdır. Xüsusilə tayqa meşələrində yaşayış məskənləri olduqca seyrəkdir. Belə şəraitdə istənilən təxribat planlarını həyata keçirmək mümkündür. ABŞ dəfələrlə bəyan edib ki, Ukraynada partizan hərəkatının başladılması üçün ona hər cür yardımı edəcək. Moskvaya edilən xəbərdarlıq mesajlarında Ukraynanın Rusiyaya qarşı Əfqanıstana çevrilmə ehtimallarından bəhs edilir. Artıq 1 aydan çoxdur ki, Ukraynada sağ qüvvələrin təsirilə partizan hərəkatına başlanılıb. Partizanlar ilk qüvvələrini Ukraynanın Şərq bölgələrinə göndəriblər. Hərəkat çox uğurla davam etdirilir. Əsas taktika hərbi təxribat hərəkətlərini Ukraynadan Rusiyaya keçirməkdir. Bu da Rusiyanı narahat etməlidir. Çünki həmin təxribat planlarından çeçenlər vaxtilə Rusiyada tətbiq ediblər. 700 minlik çeçen xalqı Rusiyanı elə lərzəyə salmışdı ki, hətta Murmanskda yaşayan ruslar da özlərini rahat hiss etmirdilər. Məsələn, Ulyanovkada ələ keçirdikləri xəstəxananı uzun müddət əllərində saxladılar. Moskvada içərisində 700 nəfər olan konsert salonunu girov götürdülər. Rostovda mütəlif reydlər həyata keçirdilər. Çeçenlərin son dövrlərdə Rusiyaya qarşı apardıqları partizan müharibəsi yaddan çıxmayıb. Lakin meşələr planetmizin "ağciyər"ləridir. Onları yandırmaq təəssüf hissi doğurardı. Əgər Ukrayna daha ağır vəziyyətlə üz-üzə qalsa, hər cürə həqiqətlərə - Rusiyanı lərzəyə salacaq ciddi təxribatlara gedilə bilər. Rusiya bu potensialın üzə çıxmasının qarşısını almaq üçün Ukraynada ehtiyatlı davranmağa məcburdur". ("OLAYLAR İA")