Bahar Muradova: “Seçkilərlə bağlı təkliflər hələ təkliflər şəklindədir”
1 May 2014 17:47 Siyasət"Azərbaycan seçkilərin keçirilməsi kampaniyalarının təşkili, qanunvericiliyin təkmilləşdirilməsi, seçki prosedurların sadələşdirilməsi ilə bağlı müasir standartlara cavab verən təcrübəyə malikdir. Ona görə seçki prosesimizi, seçki qanunvericiliyimizi, mövcud durumu analiz edib nələri etmək lazım olduğunu da özümüz daha yaxşı bilirik". Bunu mətbuata açıqlamasında deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, seçki qanunvericiliyinin təkmilləşdirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq da Azərbaycan ali qanunverici orqanının fəaliyyətinin tərkib hissəsidir: "Biz mövcud reallıqlara uyğun tövsiyələri qəbul etməyə çox açığıq. Amma o fikirdən də uzağıq ki, Azərbaycanda hansı dəyişiklik etmək lazımdırsa, bunu yalnız bizə edilən tövsiyələr nəticəsində qəbul edək və yaxud, kimdənsə bunu soruşaq ki, biz bu təklifi, bu dəyişikliyi edək, ya etməyək. Çünki baş verən prosesləri analiz etmək üçün kifayət qədər təcrübəmiz var. Yəni, belə bir fikir formalaşmasın ki, hansısa dəyişiklik təklifi yalnız elə həmişə xaricdən, beynəlxalq təşkilatlardan gəlməlidir. Bunu bizdən yaxşı bilən, bizdən yaxşı hiss edən yoxdur təbii ki. Onlar öz mövcud təcrübələrinə istinad edərək bu və ya digər təklif irəli sürə bilərlər. Amma biz bu təklifləri də qəbul edərkən, nəzərdən keçirərkən də onun Azərbaycanın reallıqlarına nə dərəcədə uyğunluluğunu əsas götürürük". B.Muradovanın sözlərinə görə, istisna edilmir ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hansısa müzakirələr, hansısa dəyişikliklər ola bilər: "Yəni, bu, Azərbaycanın gündəlik həyatıdır və biz bunu bütün seçkilər ərəfəsində daim etmişik. İndi bu təkliflər hələ təkliflər şəklindədir, onların hansısa bir dəyişikliyə səbəb olub-olmayacağını isə qarşıdakı dövr göstərəcək. Amma yaxşı cəhət odur ki, bizim özümüz gündəlik öz həyatımızı analiz edib, müəyyən təkliflər irəli sürürük".