Müxalifətin və səfirliklərin müdafiə etdiyi “hüquq müdafiəçisi”
Rufiz Qonaqov: “Bu kimi hallara təəssüf edirəm”
1 May 2014 17:33 Siyasət"Hüquq müdafiəçisi" Leyla Yunus ətrafında cərəyan edən proseslər səngimək bilmir. Hər zaman Azərbaycan əleyhinə fəaliyyəti ilə seçilən bu adamın yaratmış olduğu şou ətrafında da müzakirələr aparılır. Bu arada diqqət çəkən məqamlardan biri əksər müxalifət partiyalarının Leyla Yunusu müdafiə edən bəyanatlarla çıxış etməsidir. Bir sıra partiyalar hətta Leyla Yunusu müstəqilliyin yorulmaz fəalı kimi xarakterizə edirlər. Bəs görəsən vətəndaş cəmiyyəti nümayəndələri nə düşünür? Leyla Yunusun müstəqillik uğrunda fəaliyyət göstərməsinin qarşılığında bu gün ermənilərlə işbirliyinə getməsi, Azərbaycana düşmən kəsilməsi normaldırmı və buna görə də "hüquq müdafiəçisi" ciddi müdafiə edilməlidirmi?
Beynəlxalq Münasibətlərin Araşdırılmasi Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, bir sıra siyasilərin Leyla Yunusu müstəqillik uğrunda mübarizə aparmış böyük insan kimi dəyərləndirməsi absurddur: "Heç şübhəsiz ki, Leyla Yunusun hərəkətlərinə hüquq-mühafizə orqanları qiymət verəcək. Leyla Yunusun müstəqillik uğrunda böyük işlər gördüyü barədə iddialara gəlincə, onu deyə bilərəm ki, ölkəmizin müstəqilliyi uğrunda kifayət qədər insanlar çalışıb, Azərbaycan xalqının oğul və qızları kütləvi şəkildə bu ideya uğrunda mübarizə aparıb. Biz müstəqillik uğrunda ayrı-ayrı şəxslərin mübarizə apardığı və onların xidmətləri olduğunu qeyd etməli deyilik. Biz bütövlükdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni qeyd etməliyik. Əgər xalq olmasaydı və Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə aparmasaydı, sözsüz ki, dövlətimiz müstəqil ola bilməzdi. Düzdür, hansısa siyasətçilərin bu prosesdə rolu ola bilər, ancaq biz ümumilikdə xalqımızın bu istiqamətdəki xidmətlərini vurğulamalıyıq. Bu gün Azərbaycan torpağı işğal altındadır və 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Əgər Azərbaycanın 20 faiz əraziləri işğal edilibsə və bu gün də erməni təcavüzünə məruz qalırıqsa, belə bir şəraitdə diplomatiya adı altında ermənilərlə danışıqlara getməklə hansı vətənpərvərlik, müstəqillik, azərbaycanlılıqdan söhbət gedə bilər? Mən bu kimi hallara təəssüf edirəm". Mərkəz rəhbəri onu da deyib ki, Azərbaycanda kifayət qədər hüquq müdafiəçisi var və onların da əksəriyyəti öz fəaliyyətlərini Azərbaycan qanunları çərçivəsində davam etdirirlər: "Onlara heç bir problem də yaradılmır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Leyla Yunus kimi digərləri də hüquq müdafiəçisi kimi fəaliyyət göstəriblər və onlara qarşı hansısa maneçilik törədilməyib. Əgər bu gün hansısa problem meydana çıxıbsa, deməli hüquq-mühafizə orqanlarında müəyyən məlumatlar var. Onlar da həmin məlumatla bağlı müvafiq tədbirlər görüblər. Onu da qeyd edim ki, məlum hadisə ilə əlaqədar Respublika Prokurorluğu və digər hüquq-mühafizə orqanlarının açıqlamaları olub. Hesab edirəm ki, bu məsələyə yaxın zamanlarda hüquqi müstəvidə qiymət veriləcək" Rufiz Qonaqovun sözlərinə görə, bu gün ermənilərlə birlikdə Azərbaycan əleyhinə təbliğat aparmaq, ölkəmizdə demokratiyanın olmadığı, insan hüquq və azadlıqlarının pozulduğunu iddia etmək düşmən dəyirmanına su tökməkdir. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri bəzi xarici ölkə səfirlikləri vəbeynəlxalq təşkilatların Leyla Yunusu ciddi şəkildə müdafiə etməsinə də münasibət bildirib. Rufiz Qonaqov qeyd edib ki, bu cür hallarda müəyyən xarici ölkə səfirliklərinin heç bir araşdırma aparmadan məsələyə birtərəfli qaydada reaksiya bildirməsi düzgün deyil: "Sözügedən məsələyə reaksiya verən həmin ölkələrin özünə nəzərə salsaq görürük ki, bu kimi məsələlərdə dövlət sərbəstdir, istədiyi addımı atır. İnsanlar küçələrə çıxıb etiraz edəndə həmin ölkələrdə polis zorakılığı tətbiq edilir. Təəssüflər olsun ki, həmin vaxt bu ölkələr həmin hadisələrə birmıənalı yanaşmırlar. Ancaq bu gün Azərbaycanda hüquq müstəvisində atılan hansısa addım o dəqiqə siyasiləşdirilir. Hesab edirəm ki, bu Azərbaycana qarşı olan ikili standartlarla bağlıdır. Dəfələrlə bildirmişik ki, müəyyən dövlət və beynəlxalq qurumlar çox zaman Azərbaycana qarşı ikili standartlardan yanaşırlar. Hətta bir sıra hallarda ermənilərin xeyrinə bəyanatlar səsləndirilir. Düşünürəm ki, bu da onlardan biridir"
Süleyman İsmayılbəyli