Qərb “rus təhlükəsi” qorxusunu yenidən dəyərləndirməyə başlayıb - ŞƏRH
1 May 2014 17:31 SiyasətSon aylar ərzində Avropadan Rusiyaya qarşı bir hərəkətlilik, təzyiqedici addımlar özünü büruzə verməkdədir. Xüsusilə, Ukrayna hadisələrindən sonra bu prosesdə bir intensivlik özünü göstərir. Millət vəkili Zahid Oruc hesab edir ki, Avropadakı hərəkətlilik və dövlət orqanlarının keçmiş sovet məkanına fövqəladə diqqət göstərməsi hamının yaxşı bildiyi səbəblə bağlıdır. Onun sözlərinə görə, Böyük Britaniya kəşfiyyatına rus dilini mükəmməl bilən şəxslərin qəbulunun nəzərdə tutulması da təsadüfi deyil: "Qərb "rus təhlükəsi" kimi kütləvi-informasiya vasitələrində tirajlandırdığı qorxusunu yenidən dəyərləndirməyə başlayıb və keçmişdə gərək duymadığı qədər yeni sovetoloqlara ehtiyacını gizlətməyib. Onların uzun illər ərzində kabinetlərdə fəaliyyətləri yalnız informasiya texnologiyaları üzərində ixtisaslaşan kadrlarını Edvard Snouden ifşa edəndən sonra casusluq fəaliyyətində böyük spamlar yaşanmaqdadır. Xüsusilə də Ukraynanı ələ keçirənlərin əsas kütləsini Baş Kəşfiyyat İdarəsinin yüksək görəvli nümayəndələri təşkil edir. Onlar hərbi hücumun ön cəbhəsində gedirlər. Amerika və digər Atlantika dövlətləri isə hadisələrin ikinci planında siyasi əzələ nümayişi və məlumatların ekspertizasını həyata keçirirlər ki, bununla da Rusiyanın heç bir planını əvvəlcədən faş etmək olmaz". Millət vəkili qeyd edib ki, "Soyuq müharibə"dən sonra Avropa məkanında rus kəşfiyyatı öz fəaliyyətini heç də dayandımayib: "Düzdür,Yeltsin hakimiyyəti illərində Federal Kəşfiyyat Bürosunun az qala mərkəzi idərəsinə qərbli təlimatçılar və yeni strateqlər asanlıqla daxil ola bilirdi. Lakin bunlar XX əsrin sonuna qədər davam etdi. 2000-ci ildə Rusiyada hakimiyyət keçmiş keqebeşniklərin əlinə keçdi. Əslində buna birinci rus prezidenti məcbur oldu da, deyə bilərik. Olimpə yüksəliş təkcə Putini deyil, bütün məxfi xidmət orqanlarını cəmiyyətin və digər peşələrin fövqünə qaldırdı. İndi onlar dünyanın hər yerində uğurla iş aparırlar". Bəs Britaniya kimi dərin dövlətçilik ənənələri olan bir dövlətin indi rusdilli mütəxəssislərə müraciəti nə ilə bağlıdır? Millət vəkilinin sözlərinə görə, görünən odur ki, Ceyms Bond əfsənəsi üzərində hər yerdə və istənilən vaxt hörümçəkləri olan Atlantik casuslar şəbəkəsi və müxtəlif gizli lojaların dünya idarəçiliyi barəsindəki mifləri yeni böyük Rusiyanın dirçəlişi, yaxud oyanışı fonunda əriyib yox olur. Zahid Oruc hesab edir ki, vaxtilə Rusiya "beyin axınları"na məruz qalmaqdan gileylənir və nəinki təcrübəli müəllimləri, hətta hərbi-təhlükəsizlik mütəxəssislərini həyat uğrundakı amansız çarpışmada Qərb partnyorlarına təhvil verməyə məcbur olurdu: "Onda Avropa bu ucuz işçi qüvvəsinə çox da canı-dildən sahib çıxmamışdı.Axı SSRİ adlı nəhəng imperiya dağılmış, xarici laboratoriyalarda hazırlanan Üsəma bin Ladenlərə ehtiyac qalmamışdı. Görünür, rus dilinin hökmü qayıtdıqca, Ağ Evdən Berlinə qədər məlum paytaxtlarda təəssüflənirlər. İndi çoxları rus dilini təzədən öyrənməyə başlayıb. Çünki bu təkcə Qoqolun, yaxud Puşkinin ədəbi dili deyil, həm də Putinin dünya ilə danışdığı dildir.
Süleyman İsmayılbəyli