“”əl-Qaidə” Suriyada öz dövlətini yaratmağa çalışır”

Ərəstun Oruclu: “Müharibədən istifadə edərək, bu tip qruplaşmalar Suriyanı bir dövlət kimi tamamilə nəzarətə götürməyi düşünürlər”

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Suriyada baş verən proseslərə münasibət bildirib. Ə.Oruclu Suriya məsələsinin beynəlxalq güclərin siyasi gündəmindən çıxarılmasını bir sıra amillərlə əlaqələndirib. Politoloq hesab edir ki, Suriyada marağı olan qüvvələr arasında yaranmış ziddiyyət bu ölkədə baş verən hadisələrin həllini təxirə salır. Ərəstun Oruclunun sözlərinə görə, Ukraynada başlayan proseslər, Qərb-İran münasibətlərində baş verən istiləşmə Suriyanın gündəmdən çıxarılmasına rəvac verdi. Qeyd edilən amillərin Suriya vətəndaş müharibəsinə səthi baxış istiqaməti ortaya qoyduğunu deyən Ə.Oruclu: "Suriyada Bəşər Əsədə qarşı vuruşanların əsas kütləsi elə kontingentdən formalaşdı ki, artıq normal sivil dünyada həmin qüvvələrə dəstək vermək mümkün deyil. Söhbət terrorçulardan gedir" - deyir. Bu ölkədə baş verən silahlı qarşıdurmaların uzanması məsələsinə toxunan Ərəstun Oruclu bildirdib ki, Suriyada baş verən vətəndaş müharibəsinə "Hizbullah" və "əl-Qaidə"yə yaxın olan radikal təşkilatlar nəzarət edirlər. Politoloq qeyd edib ki, həmin təşkilatların imkanları olduqca genişdir: "Müharibədən istifadə edərək, bu tip qruplaşmalar Suriyanı bir dövlət kimi tamamilə nəzarətə götürməyi düşünürlər. Faktiki olaraq özlərinin idarə etdiyi dövlət əldə etməyə çalışırlar. Ona görə də son ana qədər müqavimət göstərirlər". Mövcud vəziyyətin hələ uzun müddət davam edəcəyini deyən Ərəstun Oruclu hesab edir ki, məzhəb müharibəsi Suriyanı parçalayana qədər uzanacaq. ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00