BDM Leyla Yunusla bağlı bəyanat yaydı
30 Aprel 2014 18:23 SiyasətBeynəlxalq Diaspora Mərkəzi "hüquq müdafiəçisi" Leyla Yunusun antiAzərbaycan fəaliyyəti ilə bağlı bəyanat yayıb. "OLAYLAR"-a daxil olan bəyanatın mətnində qeyd edilir ki, özünü "demokratiya", "insan haqqları" mücahidi elan etmiş, əslində Vətəninə qarşı düşmən fəaliyyəti aparan Leyla Yunusun əməlləri son dövrlər öz həddini aşmaqdadır: "Bu qadın illərdir hüquq müdafiəçisi olduğunu bəyan edərək Azərbaycana qarşı bütün destruktiv fəaliyyətlərin ya başında, ya da çevrəsində olaraq düşmən qədər ölkəmizə zərbələr vurur. Təəssüflər olsun ki, onun arxasında duran bəzi qərb dövlətləri və erməni lobbisi ilə birbaşa bağlı olan dairələrdir. Torpaqları işğal olunmuş, insanları deportasiya və soyqırıma məruz qalmış milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün halına düşmüş ölkəmizin vətəndaşı, həm də "hüquq carçısı" olan Leyla Yunus bu günə qədər bu xalqın maraqlarına deyil, ermənilərin mənfəətinə çalışıb". Bəyanatda o da qeyd edilir ki, Beynəlxalq Diaspor Mərkəzi Sülh və Demokratiya İnstitutunun və Leyla Yunusun əməllərini şiddətlə qınayır, xaricdən maliyyə almaqla ölkəmiz əleyhinə həyata keçirdiyi fəaliyyətləri Vətənə xəyanət kimi hesab edir. BDM Leyla Yunusun hərəkətlərinə hüquqi qiymət verilməsi və onun ölkəmiz əleyhinə əməkdaşlığa girərək həyata keçirdiyi fəaliyyətlərin ifşa edilməsi üçün hüquq mühafizə orqanlarını təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırır.