Səfirliklərin “siyasi etika nümunəsi”

Fransa və ABŞ səfirlikləri Azərbaycanın daxili işlərinə qarışır

Ermənistanın xüsusu xidmət orqanları ilə əməkdaslıqda suçlandırılaraq həbs edilmiş jurnalist Rauf Mirqədirovun istintaq işi ilə bağlı Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun dindirilməsi bir sıra mətləblərə aydınlıq gətirmiş oldu. Əvvəla bəlli oldu ki, Azərbaycan müstəqillik qazandıqdan bəri onun varlığına, müstəqil dövlət kimi yaşamasına qənim kəsilmiş Leyla Yunus nə qədər sərbəst və rahat həyat şəraiti qurmasına baxmayaraq xislətindən əl çəkə bilməyib. Əksinə, ölkədə vətəndaşlar üçün layiqli həyat şəraitinin yaradılmasından sui-istifadə edərək millətə və dövlətə arxadan zərbə vurmaqda davam edib. Dözülməz fakt ondan ibarətdir ki, dövlətə, vətənə xəyanətdə fərdi fəaliyyəti ilə kifayətlənməyən "hüquq müdafiəçisi" pula həris, xalqa, millətə nifrət hissi ilə seçilən milli satqınları da bu işə cəlb edə bilib. Digər maraqlı məqam ondan ibarətdir ki, L.Yunusun uzun illərdən bəri davam edən anti-Azərbaycan fəaliyyəti ölkəmizdə akreditasiya olunmuş xarici ölkə səfirliklərinin dəstəyi hesabına mümkün olub. Hansı ki, baş verənlərdə birbaşa adı çəkilən Fransa və ABŞ səfirliklərinin təmsil etdikləri ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesində vasitəçi qismində təmsil olunurlar. Məntiq onu deməyə əsas verir ki, adıçəkilən həmsədr ölkələr nəinki Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasında, həmçinin Azərbaycanın müstəqil dövlət statusuna son qoyulmasında maraqlıdırlar. Elə bu səbəbdən də Azərbaycanda əsas fəaliyyətilərini separatçıların dirçəlməsi, milli zəmində münaqişələrin qızışması, radikal dini təmayüllü qüvvələrin fəallaşması və ən nəhayət dağıdıcı müxalifətin müqavimət göstərməsinə dəstək verməkdə qurublar. Ən azından indiyə qədər xarici ölkə səfirliklərinin insan hüquqlarının müdafiəsi adı altında keçirdikləri tədbirlər və vətəndaş cəmiyyətlərinə ayırdıqları qrant layihələrinin mahiyyəti dediklərimizin sübutu kimi qəbul edilə bilər. Bəs əslində necə, xarici ölkə səfirliklərinin fəaliyyəti hansı prinsiplərlə tənzimlənməli və hansı beynəlxalq sənədlərə əsaslanmalıdır? 

Qeyd edək ki, xarici ölkə səfirliklərinin fəaliyyəti Vyana Konvensiyasına söykənir ki, Fransa və ABŞ səfirliklərinin L.Yunusa münasibətdə əməlləri sözügedən sənədlə uyğunsuzluq təşkil edir. Nəzərə almaq lazımdar ki, bu ölkələrin səfirliklərinin dövlətlər arasında ikitərəfli münasibətlər qurmaq əvəzinə Azərbaycanın daxili məsələlərini tənzimləməyə çalışması siyasi etikaya və diplomatik xidməti tənzimləyən Vyana Konvensiyasının tələblərinə ziddir. Yeri gəlmişkən qeyd edək ki, Leyla Yunus və onun həyat yoldaşının qəfildən Azərbaycanı tərk etməsi məqsədilə Fransa səfirliyi tərəfindən iki saat ərzundə uzunmüddətli vizanın təşkil etməsi, onun hava limanına qədər Fransa və ABŞ səfirliklərinin nümayəndələri tərəfindən müşayiət olunması qətiyyən təsadüf hesab edilə bilməz. Ən azından bu addım uzunmüddətli fəaliyyət və birgə həyata keçirilən gizli planların təzahürüdür. Özü də bu planların mahiyyəti çox dərinlərə gedib çıxa bilər. Məsələn, sual oluna bilər ki, nədən səfirliklər birdən-birə radikal müxalifətdən imtina edərək dırnaqarası hüquq müdafiəçilərinə stavka ediblər. Bəllidir ki, Azərbaycanda hansısa bir siyasi fəallığın artdığı dövrdə və ya siyasi proseslərin daha aktiv forma aldığı zamanlarda radikal müxalifətin bəlli kəsiminin xarici ölkə səfirliklərinin qapılarında sıraya düzülməsi artıq adi hal alıb. Belə halda, hansı səbəbdən "cüt bacılar" müxalifətə deyil, məhz Leyla Yunusa önəm veriblər?

Məyər, dövlətin və xalqın maraqlarını zərbə altına qoymaq, xaricdəki antiazərbaycançı dairələrin maraqlarını təmin etmək bacarığı bu məkrli və xislətli "qadında" daha güclüdür? Belə məlum olur ki, L.Yunusun uzun illərdən bəri erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı məhz həmin səfirliklər vasitəsilə həyata keçirilib. Bu baxımdan xüsusilə vurğulanmalıdır ki, istənilən dövlətin səfirliyinin Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir. Çünki hansısa dövləti təmsil edən bir nümayəndəliyin açıq şəkildə digər ölkənin daxili maraqlarına zidd getməsi heç bir siyasi etikaya sığmır. Siyasi etika ilə yanaşı, bu addımlar diplomatik xidməti tənzimləyən Vyana Konvensiyasının tələblərinə də ziddir. Yəni, hər hansı bir səfirin belə bir fəaliyyət göstərməsi həmin ölkənin imicinin aşağı düşməsinə səbəb olur. 
   Şübhə yoxdur ki, adıçəkilən səfirliklər bu boyda həngamədən sonra yenə də L.Yunusun hüquqlarının müdafiəsi ilə məşğul olacaqlar. Bu fəaliyyətin birbaşa, yaxud dolayısı ilə həyata keşiriləcəyi şəksizdir. Çünki, görünən ondan ibarətdir ki, həmin dövlətlərin səfirliklərinin boynunda bir missiya var və utanıb çəkinmədən həmin missiyanı yerinə yetirməkdə israrlı görünürlər. Bu baxımdan Azərbaycan təkcə Fransa və ABŞ-ın deyil, eləcə də ölkəmizdə fəaliyyət göstərən bütün xarici ölkə səfirliklərini siyasi və etika qaydalarına əməl etməyə sövq etməlidir. Bunun üçün ən azından parlamentdə xarici ölkə səfirliklərinin fəaliyyətini araşdıran komissiyanın yaradılması mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin şübhəli məqamları kifayət qədərdir. Təkcə bir məqama diqqət yetirmək kifayətdir ki, xarici ölkə səfirliklərinin iç üzü açılmış olsun: Nədən Azərbaycanda fəaliyyət göstərən diplomatlar qaçqın və məcburi köçkünlərlə deyil, ölkədə sabitliyi pozmağa meyl edən şəxslər və qüvvələrlə görüşdə maraqlıdır?

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00