Azərbaycan və Azərbaycan türklərindən başqa hər kəsin hüquqlarını qoruyan “hüquq müdafiəçisi”

QHT-lər belə şəxslərin cəzalandırılmasını istəyir

Daim Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edən, ölkəmizin imicinə zərbə vurmaq üçün ermənilərlə işbirliyinə gedən Leyla və Arif Yunuslar yenə də öz amplualarındadırlar. Əgər əvvəllər adıçəkilən cütlük erməni sevgisini bir qədər gizli şəkildə büruzə verir, ermənilərlə dolayı yolla əməkdaşlıq edirdisə, indi artıq "hüquq müdafiəçiləri" açıq-aşkar ermənilərlə əməkdaşlığa gedir, Azərbaycanın əleyhinə fəaliyyətdə bulunurlar. Hətta onlar utanmadan bunu etiraf edirlər. Elə isə bu cür "hüquq müdafiəçiləri"ndən qurtulmağın zamanı çatmayıbmı? Ölkədə fəaliyyət göstərən əksər qeyri-hökumət təşkilatlarının rəhbərləri hesab edirlər ki, açıq-aşkar erməni sevgisi nümayiş etdirən Leyla və Arif Yunuslar müvafiq qaydada cəzalandırılmalıdırlar.

Sosial Hüquqların Monitorinq Qrupunun rəhbəri Azad İsgəndərli hesab edir ki, Leyla Yunusun fəaliyyətində qaranlıq məqamlar çoxdur: "Mən hər zaman bunu demişəm. Birincisi, necə olur ki, Avropadan gələn diplomat və siyasilər Bakıda yalnız onu axtarırlar? Necə olur ki, hər zaman Azərbaycan haqqında dünyada mənfi rəy formalaşdıran "Amnesty İnternational", "Human Rights Watch" və digər bu kimi təşkilatlar Bakıda Leyla Yunusu arayırlar?"  Azad İsgəndərlinin sözlərinə görə, Leyla Yunus Azərbaycan və Azərbaycan türklərindən başqa hər kəsin hüquqlarını qoruyur: "Leyla Yunus bir hüquq müdafiəçisi olaraq nə zamansa 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqları barədə danışıbmı? Əlbəttə ki, yox. O, yalnız antiAzərbaycan fəaliyyəti göstərməklə məşğuldur". QHT rəhbərinin sözlərinə görə, Azərbaycanin milli mənafelərinə zidd əməllərdə bulunan hər bir vətəndaş qanunvercilik qarışısında cavab verməlidir: "Hesab edirəm ki, Leyla Yunus kimi antiAzərbaycan mövqeyindən çıxış edən "hüquq müdafiəçiləri"ndən qurtulmağın zamanı yetişib".

Azərbaycan-Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, ölkəmizin bütün vətənpərvər QHT-ləri Leyla Yunus kimi xarici ölkələrin və xarici təşkilatların əsirinə çevirilmiş "qrant" dəllallarını ictimai qınaq obyektinə çevirməlidir: "Görəsən erməni "qardaşları" ilə hansı layihə həyata keçirir və ya keçirmək istəyib ki, Azərbaycan icazə verməyib? Bəlkə izah etsin görək erməni "qardaşları" ilə həyata keçirdiyi layihənin cəmiyyətimizə faydası nələrdir? Leyla Yunus utanmadan Rauf Mirqədirovla bağlı bəyanat da verir və bəyanatında deyir ki, "Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda QHT-lər tərəfindən təşkil edilmiş və Ermənistandan dəvət olunmuş həmkarların iştirakı ilə konfransların keçirilməsi mümkün deyil. Son 10 il ərzində birgə görüşlər yalnız Azərbaycandan kənarda, o cümlədən Ermənistanda baş tuta bilir. Daha sonra əlavə edir ki, jurnalist-tədqiqatçı Rauf Mirqədirova - Ermənistanda keçirilən konfransların və bizim erməni QHT-ləri ilə birgə layihələrimizin fəal iştirakçısına  qarşı Vətənə xəyanət və casusluqda ittiham irəli sürülməsi Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının bundan sonra Ermənistana səfərlərini və Azərbaycanda xalq diplomatiyası və vətəndaş cəmiyyətinin inkişafını qeyri-mümkün edir. Çox təəssüfler olsun ki, bəzən belə gözəl bir ölkənin vətəndaşları da aldana bilir və xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən tələyə düşürlər. Ən acınacaqlısı QHT sədri kimi özlərini ictimaiyyətə təqdim etmiş insanların bu tələyə düşməsidir. Əgər Leyla və Arif Yunusun günahı yoxdursa nə üçün qaçırdılar? Nə olsun ki, qanlarınızda erməni millətindən olan qan dolaşır? Axı sizlər bu Uca Türk Millətindən nə pislik görmüsünüz ki, xaricdən verilən 5-10 manat "qrantlar" üçün düşmən və terrorçu Ermənistanı su yoluna döndərmisiniz?" Çingiz Bayramovun sözlərinə görə,  şəhidlərimizin ruhuna hörmətsizlik edən hər bir vətəndaş Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmalı və Vətənimizin düşmənləri ilə əməkdaşlıq edən hər bir qeyri-hökumət təşkilatı,  onun rəhbəri haqqında hüquq mühafizə orqanları tərəfindən ciddi ölçü götürülməlidir".

Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli isə bildirib ki, hər bir ictimai təşkilatın vəzifəsi cəmiyyəti narahat edən problemləri araşdırmaq, onun həlli yolları ilə bağlı təşəbbüslər göstərməkdir: "Cəmiyyət müxtəlif sosial qruplardan, fərqli dünyagörüşünə malik insanlardan təşkil olunduğundan onun eyni hadisəyə müxtəlif qiymətlər verməsi təbiidir. Amma bütün hallarda ictimai qurumların fəaliyyəti milli maraqlara, Konstitusiya və qanunlara zidd olmamalıdır. İndiki halda da cəmiyyətdə Leyla Yunusova barəsində birmənalı fikir olmaya bilər. Hazırda onun adı jurnalist Rauf Mirqədirovun işində hallandırılır. Buna görə də istintaqa şahid qismində cəlb olunub. Bu isə normal bir haldır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00