“Leyla Yunusun qaçış planı koordinasiya olunmuş proses idi” - AÇIQLAMA
Elşən Musayev: “Bu tip proseslər hansısa səfirlikdən keçirsə, onların hansı prosedurdan gəldiyini bilmək çətin deyil”
30 Aprel 2014 17:16 SiyasətDemokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev rəsmi Parisin qanunvericlikdə olmadığı halda SDİ rəhbəri Leyla Yunusa Fransada 5 illik vizasız yaşamaq hüququnu tanıması məsələsinə münasibət bildirib. E.Musayev hesab edir ki, Leyla Yunus məsələsinə təkcə viza tərəfdən baxmaq lazım deyil. Partiya sədrinin sözlərinə görə, SDİ rəhbərinin qaçış planı əvvəlcədən koordinasiya olunmuş proses idi: "Söhbət Leyla Yunusa Fransada vizasız yaşamaq hüququ verilməsindən yox, ona təcili bu hüququn tanınmasından gedir. Viza xanım Yunusun xaricə çıxması üçün yox, Azərbaycandan qaçması üçün nəzərdə tutulmuşdu. Paralelər aparanda məsələdə Fransanın adının hallanması bəzi sualları ortaya çıxarır. Fransa həmişə Ermənistan təəssübkeşliyilə tanınmış dövlətdir. Ona görə də bu dövlətin erməni dəstəkçisinə yardım etməsi tam normal haldır. Məsələdə təkcə, qanunvericilikdə olmadığı halda hökumətin Leyla Yunusa Fransada yaşamaq hüququ tanıması yox, həm də bu ölkənin Azərbaycandakı diplomatik korpusunun səlahiyyəti, onların təyinatında nəzərdə tutulan öhdəlikləri də qabağa çıxır. Eyni zamanda bir çox beynəlxalq konvensiyalardan söhbət gedir. Məsələn, Vyana Konvensiyası bu məsələlərə aidiyyatı var. Bu tip proseslər hansısa səfirlikdən keçirsə, onların hansı prosedurdan gəldiyini bilmək çətin deyil. İki saat ərzində həll edilən yaşamaq icazəsi də eyni prosedura daxildir. Fransa səfirliyi nümayəndəsinin hava limanına qədər gəlməsi, müxtəlif dairələrlə əlaqə saxlaması, Leyla Yunusu ölkədən çıxarmağa cəhd etməsi kompleks mövzudur. Avropa dövlətlərinin bu gün Azərbaycanda olan bir sıra səfirləri bir sıra məsələlərdə qanun pozuntusuna yol verirlər. Amerika səfirindən tutmuş Fransa səfirinə qədər hamısı eyni qaydada işləyirlər. Bunlara öz təyinatlarını başa salmaq lazımdır. Ölkənin daxili, hüquq mühafizə orqanlarının, dövlət əleyhinə olan işlərə birbaşa müdaxilə edirsə, demək ki, bunlar separatçıları, dövlətə xəyanət edənləri dəstəkləyirlər. Hətta bu tip qüvvələrin mühafizəçisi rolunda çıxış edirlər. Səfirlərin bu addımları pislənilməlidir. ("OLAYLAR" İA)