“ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu işə başladı
Forumun ilk sessiyası “ABŞ-Azərbaycan münasibətləri: ticarətdə və investisiyalarda tərəfdaşlıq” mövzusuna həsr olunub
30 Aprel 2014 17:02 SiyasətVaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumu işə başlayıb. ANS PRESS-in Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, iki gün davam edəcək tədbirdə ABŞ Konqresinin, müxtəlif ştatların nümayəndələr palatası və senatlarının, ABŞ Administrasiyasının üzvləri, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri, Azərbaycanın dövlət qurumlarını təmsil edən şəxslər - Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri iştirak edirlər.
Eyni zamanda Forumda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri - deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Elşad Nəsirov, Xalik Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları iştirak edirlər.
Forum çərçivəsində keçirilən ilk sessiya "ABŞ-Azərbaycan münasibətləri: ticarətdə və investisiyalarda tərəfdaşlıq" mövzusuna həsr olunub. Sessiyada çıxış edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Səməd Seyidov və Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin tarixi və son 22 ildə iki ölkə arasında yaranmış uğurlu əməkdaşlıqdan söz açıblar. Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidova ABŞ-Azərbaycan tərəfdaşlığına həsr olunmuş bir sıra qətnamələr təqdim olunub.
Arkanzas ştatından konqresmen, bu ştatın Nümayəndələr Palatasının nəqliyyat məsələləri komitəsinin sədri Conatan Barnet çıxışında bildirib ki, Bakıya səfəri zamanı Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı onda gözəl təəssürat oyadıb. O, ölkəmizin iqtisadi uğurlarından danışaraq bildirib ki, Azərbaycan rəhbərliyi öz vətəndaşlarının, eləcə də regionun digər ölkələrinin rifahını yaxşılaşdırmağa çalışır. Missisipi ştatının keçmiş qubernatoru (2004-2012-ci illər) Heyli Barbur çıxışında Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışıb: "Azərbaycan ilk qaz təchizatını səbirsizliklə gözləyən Avropa üçün Allahın nemətidir". Missisipi administrasiyasının sabiq başçısı Azərbaycanda dini tolerantlığın əhəmiyyətini, habelə Azərbaycanın ABŞ üçün böyük əhəmiyyət daşıması barədə Amerika ictimaiyyətinin məlumatlandırılması baxımından Forumun rolunu xüsusi vurğulayıb. ARDNŞ-nin dəstəyi ilə keçirilən Forum işini davam etdirir.