Fransa səfirliyindəki “quş yuvası”, Leyla Yunus gizli qaçışının sirri
Azərbaycan qarşısında cinayət məsuliyyəti daşıyan QHT rəhbəri fransızların əlilə qaçmağa cəhd göstərməklə səfirliyi də ifşa etdi
29 Aprel 2014 17:32 SiyasətAprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Baş Prokurorluğa dəvət olunub. SDİ rəhbərinə vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı açılmış cinayət işində adının keçdiyi, izahat üçün prokurorluğa dəvət olunacağı deyilib və ölkəni tərk etməməsi barədə xəbərdarlıq olunub. Lakin L.Yunus yoldaşı A.Yunusla birlikdə, xəbərdarlığa baxmayaraq, gizli şəkildə Azərbaycanı tərk etməyə cəhd göstərib. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onların Azərbaycandan çıxmaq cəhdlərinin qarşısı alınıb. Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilib və ondan şahid qismində izahat alınıb. Leyla Yunusun gizli qaçışa cəhdi birmənalı şəkildə ona qarşı ittiham kimi irəli sürülən "Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq" iddiasını sübut edir. Bəli, SDİ rəhbəri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün Azərbaycanı tərk etmək istəyib. Bu başqa məsələdir. Leyla xanım həmçinin prokurorluqda izahat alınmasından da gündəmdə qalmaq üçün istifadə edib. Siyasi şou yaradan Leyla Yunus beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edərək, Avropada özünə siyasi sığınacaq almaq istəyib. Siyasi sığınacaq almaq SDİ rəhbərini cinayət məsuliyyətindən sığortalaya bilərdi. Məlum olub ki, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıblar. Aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib. Məhz ABŞ və Fransa səfirliklərindən təhlükəsizlik təminatı aldıqdan sonra Yunuslar Azərbaycandan qaçmağa cəhd ediblər. Ayın 28-də saat 23:00 radələrində L.Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili və "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Lakin həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunusun Azərbaycandan Dohaya, oradan isə Parisə çıxarılması planlaşdırılıbmış. Məsələyə ABŞ və Fransanın qarışması o məsələni ortaya qoyur ki, Leyla Yunus və ərinin Ermənistanın Azərbaycanda təxribat törətməsi üçün gizli çalışmaları olub. İstər ATƏT-in Minsk Qrupu çərçivəsində, istərsə də digər beynəlxalq qurumlar daxilində Fransa və ABŞ-ın Ermənistanın mövqeyindən çıxış etmələri sirr deyil. SDİ rəhbərinin isə ermənipərəst dövlətlərlə gizli işbirliyi yaratması bu mənada təəccüblü olmamalıdır. Başqa sözlə, Leyla Yunusun jurnalist Rauf Mirqədirovun həbs olunmasından sonra üzə çıxan gizli fəaliyyəti Fransa və ABŞ-ı da hərəkətə gətirdi.
Səfirliyin erməni üzü
Dağlıq Qarabağ və bəzi tarixi məsələlərdə dünyada Fransa kimi Azərbaycana qarşı ikiüzlü siyasət yürüdən ikinci dövlətə rast gəlmək mümkün deyil. Qondarma "erməni soyqırımı"nı tanıyan və Afrikada milyonlarla insanın ac qalaraq ölməsinin məsuliyyətini daşıyan Fransanın Azərbaycandakı siyasi korpusu vasitəsilə təxribatlara əl atması təəccüblü olmamalıdır. Fransa Azərbaycan və digər ölkələrdəki səfirliklərini məhz öz və Ermənistanın siyasi məqsədlərinin həyata keçirilməsi üçün açıb. Hələ də səfirliyin məsələyə münasibət bildirməməsi diplomatik korpusun hansı quşun yuvası olduğunu isbat edir. Fransa səfirliyi məhz Parisdən aldığı tapşırıqlar üzərindən Azərbaycanı öz sapından olan baltası ilə vurmağa çalışır. Bu Fransa və Ermənistanın eyni üzləridir. Hərçənd ki, Leyla Yunusun Azərbaycanla bağlılığı o qədər də dərin deyil. Bu insan dünyanı dərk edəndən Ermənistanın amalı üçün çalışıb. Ermənilərin "tarix əhəmiyyətl"i planlarının icrası üçün isə Azərbaycanda Fransa səfirliyindən yaxşı tərəfdaş ola bilməzdi. Leyla Yunus da məhz səfirliyin dəstəyilə Avropaya qaçmağa cəhd etdi. SDİ rəhbəri bununla Fransa səfirliyinin Azərbaycanla bağlı planlarını təhlükəsizliyə almaq istəyirdi. Çünki Leyla Yunus cinayət məsuliyyətinə cəlb ediləcəyi təqdirdə fransızların diplomatik korpusunun əsl siması üzə çıxacaqdı. Lakin buna ehtiyac olmadı. Azərbaycan qarşısında cinayət məsuliyyəti daşıyan QHT rəhbəri fransızların əlilə qaçmağa cəhd göstərməklə səfirliyi ifşa etdi. SDİ rəhbərinin təhlükəsizliyinin təmin edilməsi Ermənistan və bu ölkələrə lazımdır. Çünki xanım Yunus Azərbaycandakı fəaliyyəti dövründə bu ölkə ilə bağlı Ermənistana gərəkli məlumatlar ötürüb. Bu istər onun dövlət orqanlarında, istərsə də QHT sektorunda çalışdığı dönəmlərə təsadüf edir. Leyla Yunus Ermənistana Avropada lazım ola bilərdi. Fransaya sığınacağı halda SDİ rəhbəri Azərbaycandakı əlaltıları vasitəsilə Ermənistanı lazım olan məlumatlarla təmin edəcəkdi. Mehman Əliyevin Yunusların qaçmasına kömək etməsi isə SDİ-nin Azərbaycanda agent şəbəkəsinin olduğunu göstərir. M.Əliyevin Leyla Əliyeva ilə hansı dərəcədə yaxınlığının olmasını demək çətin məsələdir. Hər halda qaçış planında yer alması onu da əhəmiyyətli fiqur kimi qabağa çıxarır. Bir sözlə Leyla və Arif Yunusların gizli qaçış planındakı sirri: Fransaya sığınmaqla cinayət məsuliyyətindən sığortalanmaq; Azərbaycandakı əlaltılarını Avropadan idarə etmək və xaricdən ayrılan qrantları onlara çatdırmaq; Azərbaycandakı Ermənistan agentlərinə İrəvandan verilən məlumatları çatdırmaq; Fransa səfirliyinin Azərbaycanla bağlı planlarını gizlətmək; Azərbaycanla Ermənistan arasında məlumat bazası rolunu oynamaq və s.
Mənsur Rəğbətoğlu