İlham Əliyevin Sərkisyandan ən sadə erməniyədək fikir bildirməyə məcbur edən cavabı
“Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər?”
29 Aprel 2014 16:17 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitindəki iştirakı və nitqi bir sıra məqamlarla yadda qaldı. Prezidentin iştirakı ilk növbədə Azərbaycanın müstəqil şəkildə və heç bir təzyiq olmadan Qərbə inteqrasiyasının təzahürü idisə, bu həm də ölkənin Avropa İttifaqı ilə əlaqələrindəki inkişafa verilən vacib mesaj idi. İlham Əliyev bununla eyni zamanda özünün də ifadə etdiyi kimi, Azərbaycanın siyasi islahatlara böyük əhəmiyyət verdiyinin və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığının önəmini diqqətə çatdırdı. Azərbaycanın qarşısında demokratiya və insan hüquqlarının qorunması, qanunun aliliyinin, fundamental azadlıqların təmin olunması məsələlərini əsas prioritet kimi dayandığını Qərbin diqqətinə çatdırdı. Prezident çıxışı ilə keçən illər ərzində Azərbaycanın bütün istiqamətlərdə əldə etdiyi uğurların mənzərəsini çəkdi. Bununla da Qərbin beynində Azərbaycanla bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirildi: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bəlli oldu ki, heç bir dövlətin başçısı nəticə olmadan belə danışmaz. Bəli, Azərbaycan həqiqətən də Avropa İttifaqı və bütün Qərb dünyası üçün yaxşı nümunəidir. İlham Əliyev Azərbaycanın Avropanın enerji xəritəsinə dəyişəcək nəhəng qaz yatağı olan "Şah Dəniz"in işlənməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərləri kimi layihələrin sahibi olduğunu bildirdi. Dünya dövlətlərinin enerji böhranında olduğu bir vaxtda Azərbaycanın enerji patensialının əhəmiyyəti bir qədər də qabağa çıxır. Bunun qarşısının alınması üçün prezident qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyinin açılacağını dedi. Yəni ki, qısa zaman kəsiyində Azərbaycan qitənin enerji təhlükəsizliyi üçün imtinaedilməz portnyoruna çevriləcək. İlham Əliyevin xüsusilə Praqa sammitində Ermənistan prezidenti Serj Sərkisyana verdiyi cavab dünya mediasının gündəminə oturdu. Azərbaycan dövlət başçısı Sərkisyanın qondarma "erməni soyqırımı" ilə əlaqədar Türkiyənin əleyhinə səsləndirdiyi fikirlərə təmkinlə belə cavab verdi: "Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm". Bəli, Prezident İlham Əliyevin cavabı Ermənistan və onun partnyorlarına Türkiyə-Azərbaycan əlaqələrinin hansı formada olması mesajı idisə, bu həm də ermənilərin əsl xislətinin dünya ictimaiyyətinə təqdimatı idi. Dövlət başçısı qısa, lakin açıqlaması böyük mövzu yaradacaq cavabı ilə Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialarını ifşa etdi. Prezidentin cavabı eyni zamanda ümummilli lideri Heydər Əliyevin "Biz bir millət iki dövlətik" deyiminə təsdiq nümayişi idi. Türkiyə yoxdursa, Azərbaycan var, Azərbaycan yoxdursa, Türkiyə var. Bu ikidə təklik deməkdir, birlik, qardaşlıq nümunəsidir. İlham Əliyev məhz bu mənada Türkiyə və Azərbaycan əlaqələrinin qırılmaz bağla biri-birinə cilalandığını diqqətə çatdırdı. Prezidentin Sərkisyana cavabının Türkiyə mediasına birliyin, qardaşlığın və cəsarətin nümunəsi kimi damğasını vurmuşdusa, Ermənistanda isə bu Sərkisyandan tutmuş ən sadə vətəndaşa qədər mətbuata öz narahatlıqlarını bildirməyə məcbur edən geniş mövzu idi.
Səssizlik pozularsa
Ermənistanın narahatlığına səbəb olan digər məsələ isə Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədaləti mövqeyini əks etdirən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin diqqətə çatdırılması idi. Çünki BMT TŞ-nı təşkil edən ölkələrdən bəziləri sammitidə idilər. Həmin dövlətlər bu çıxışdan sonra Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləməyə məcbur idilər. Sərkisyan münaqişə ilə əlaqədar ehtiyatlı danışsa da İlham Əliyev qətiyyətlə və sərt şəkildə Ermənistanın beynəlxalq qanunvericilik prinsiplərini əzərək Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkilmədiyini bildirdi: "Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər". Azərbaycan öz prezidentinin çıxışı ilə həm tarixi ərazilərinin geri qaytarılması üçün öz mövqeyindən, eyni zamanda da işğalçılığı dayandıracaq nəhəng gücə sahib olduğunu ekranlaşdırdı. Bəli, biz güclüyük, bizim güclü dövlətimiz var. Həmişə Ermənistan və onun partnyorlarının qarşısında verməyə cavabımız, onları susdurmağa malik nəhəng tarixi faktlarımız var. İlham Əliyev həmin faktlara istinad edərək, öz adından yox, irəliyə apardığı xalqının ermənilərə verdiyi sualı onları dəstəkləyən ölkələr qarşısında aramla təkrarladı: "Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır". Bəli, prezidenti öz xalqının münaqişənin uzun illər həllsiz saxlayan bloklaşmanın ikili oyunlarına qarşı dözümsüzlüyünü göstərdi. Əsəblərin tarım çəkildiyi vaxt həqiqətən də Ermənistan təcavüzünə qarşı baş verən susqunluq səssizliyi poza bilər. Bu, Azərbaycan xalqının beynəlxalq hüquqlara əsaslanan haqqıdır. Dövlət başçısı çox sadə yolla və əsaslandırılmış şəkildə bunu xalqın adından Qərbə və Ermənistana çatdırdı. Bundan sonra Ermənistanın narahat olmamasına əsas varmı? Təbii ki, yoxdur. Narahat olmalıdır. Öz çapında əsas güc dövlətlərdən biri olan Azərbaycanın bir gün səssizliyi pozması Ermənistan üçün qiyamət olacaq. Prezident tərəfindən verilən mesajlar bunu deməyə əsas verir.
Mənsur Rəğbətoğlu