Qarabağ savaşı üçün baş məşq, yoxsa məzhəb davası?
29 Aprel 2014 15:00 SiyasətElman Cəfərli
"Suriyada döyüşən daha iki azərbaycanlının meyidi gəldi", "Daha 3 azərbaycanlı Suriyaya Əsəd əleyhinə döyüşməyə getdi", "Əsədin tərəfində döyüşən azərbaycanlı mücahid öldürüldü". Bir ildən artıqdır ki, gözümüz, qulağımız bu cür xəbərlərə öyrəncəlidir. Bu xəbərlərdən haqlı olaraq narahat oluruq. Niyə axı bu insanlar bizə aid olmayan məsələdən ötrü Suriyaya müharibəyə gedirlər. Axı müharibə yaradıcılıq ezamiyyəti, turist gəzintisi deyil. Müharibədə adam canını riskə qoyur. Risk? Axı kimlərdən ötrü?
Bəllidir ki, Azərbaycanda əhalinin əksər hissəsi ənənəvi şiə məzhəbinə etiqad edir. Əhalimizin bir hissəsi də sünni hənəfidir. Amma son zamanlar özünü sələfi adlandıran (Azərbaycanda daha çox vəhabi kimi tanınır) təriqətin tərəfdarları da artıb. Suriyaya gedənlər də onların təfkirçi adlanan kəsimidir. Onlar hesab edir ki, Suriyada "kafirlərə qarşı" (onlar ələvi məzhəbinə mənsub Bəşər Əsədi kafir sayırlar-müəll.) döyüşə gedirlər. Son vaxtlar Əsədi dəstəkləyən şiələr də Suriyaya ayaq açıb. Bu faktlara münasibət birmənalı deyil. Əksəriyyət hesab edir ki, azərbaycanlı döyüşçü ancaq Qarabağda savaşmalıdır, Suriyaya getməməlidir. Bəzilərinin fikrincə, azərbaycanlı döyüşçülərin Suriyaya getməsi sabahkı Qarabağ savaşı üçün baş məşqdir, gənclərimiz savaşı öyrənsələr yaxşı olar. Fələstin, Əfqanıstan müharibələri misal çəkilir, hesab edilir ki, fanatik islamçı savaşçı, sekulyar cəmiyyətdə tərbiyə almış gəncdən daha döyüşkən, daha vətənpərvər olur. Həqiqətənmi belədir? İndi Suriyaya "kafirlərə qarşı" savaşa gedən azərbaycanlı sabah ruhən ikinci Qarabağ savaşına hazır olacaqmı?
Haqq dini olan islamın insana güclü mənəvi təsir buraxdığı faktdır. Dədələrimiz "Allah, Allah" deyə-deyə dünyanın yarısına sahib olublar. Heç bir güc islam inancı ilə silahlanmış türkün qarşısında duruş gətirə bilməyib. Amma bir iş var ki, biz son 1 əsrdə sekulyar cəmiyyətdə yaşamışıq. Azı 3 nəsil insanımız dünyəvi təhsil alıb, dinsiz cəmiyyətdə böyüyüb. Rusiya tərkibində azərbaycanlılar Şərqin türk-müsəlman xalqlarından ayrı düşsə də, döyüş ənənələrini unutmayıb, savaş ruhu ilə digər xalqlardan seçilib. İstər birinci, istərsə də ikinci Dünya müharibələrində azərbaycanlı zabitlər, əsgərlər şücaətlər göstəriblər. Şahidlər danışır ki, 1918-ci ilə Azərbaycanı rus-erməni birləşmələrindən xilas etməyə gəlmiş Osmanlı generalı Nuru Paşa azərbaycanlı döyüşçülərin şücaətinə heyran qalmış, azərbaycanlıları "sərkərdəsiz orduya" bənzətmişdi.
İkinci Dünya müharibəsində Azərbaycandan 600 min hərbçi iştirak edib. Onlarla azərbaycanlı zabit, əsgər mühüm döyüşlərin taleyinin həllində, bəşəriyyətə təhlükə olan faşizm üzərində qələbədə müstəsna rol oynamışlar. O dinsiz dönəmlərdə azərbaycanlı hərbçi Sovet ordusunda öz hünəri, cəsarəti, ötkəmliyi ilə tanınırdı. Əfqanıstan müharibəsində Sovet ordusunun zabitləri azərbaycanlı əsgər haqqında yalnız xoş sözlər danışırdı. Elə birinci Qarabağ savaşının ilk illərində Sovet ordusunda təcrübə keçmiş əsgər və zabitlərimiz düşmənə az zərbə vurmadılar.
1991-ci ilin oktyabrında şəhid olmuş cəsur döyüşçü Nurəddin Yolçuyev azərbaycanlı əsgərlər haqqında yüksək fikirdə idi. Ayrı-ayrı döyüşlərdə onlarla düşmən hərbçisini və texnikasını məhv etmiş, qənimət götürmüş qorxmaz kəşfiyyatçı danışırdı ki, azərbaycanlı əsgər qısa zamanda peşəkar döyüşçüyə çevrilir, silahla ustalıqla davranır, döyüş taktikasını mənimsəyir. Göründüyü kimi Azərbaycan gənci bir sıra bu xalqı mağmın, yazıq göstərmək amaclı missoner yazarların təqdim etdiyi kimi qorxaq, yassar, ürəksiz deyil.
Sadəcə, biz döyüşü uduzduğumuzdan, Azərbaycan xalqı haqqında deyilən bədgüman fikirlərə dözməkdən başqa çarəmiz qalmır. İzah edə bilmirik ki, savaşçı olmaq üçün İran şiəsi kimi "Mehdi inancına", Səudiyyə sələfisi kimi "Cənnət vədi"nə inanmasaq da olar. Dünyanın cəsur savaşçı xalqlarının çoxu heç fanatik dindar olmayıblar. Nə tarixdə, nə də indi. Çağımızın həm texniki, həm insan resursları baxımından, həm də ruhən güclü orduları sayılan, Türk, Rus, Yapon, ABŞ ordularında qulluq edənlər radikal dindarlar deyil. Bizə cənnətə inanmaqdan başqa mənəvi gücü olmayan əsgər yox, döyüş taktikasını, texnikanı bilən, silahla davranmağı bacaran, ən əsası ruhən VƏTƏN SAVAŞINA hazır olan, nədən ötrü, kimdən ötrü döyüşdüyünü bilən, şüurlu şəkildə anlayan savaşçılar ordusu lazımdır. Qarabağı, vətənçi, azərbaycançı əsgər xilas edəcək, mehdiçi, təfkirçi deyil! Bir də ki onların Suriyadan dönəndən sonra Azərbaycana xidmət edəcəyinə kim zəmanət verir? Təfkirçi üçün dostu, düşməni təriqətin başçısı müəyyən edir. Onların davası məzhəb davasıdır, vətən davası deyil!