“İnsanları Rusiya pasportlarına meylləndirən qüvvələr var” - ŞƏRH

Elçin Mirzəbəyli: “Layihəyə əsasən ikili vətəndaşlığı olub gizlədən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”

 BAXCP sədrinin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli Azərbaycan vətəndaşlarına Rusiya pasportlarının paylanılması məsələsinə münasibət bildirib. E.Mirzəbəyli qeyd edib ki, Rusiya pasportlarının paylanılmasının arxasındakı məqsədlər dəyişməzdir. BAXCP rəsmisi hesab edir ki, Moskva bununla əvvəlki qaydada öz imperiya iştahasının şişkin olduğunu göstərməyə çalışır. Elçin Mirzəbəylinin sözlərinə görə, Rusiya pasportlarını alan şəxslər uzun illər federasiyada yaşayan insanlardır: "Pasportu alan şəxslər bunu Rusiya vətəndaşlıqlarının olmadığı üçün müəyyən problemlərlə üzləşməklə əlaqələndirirlər. Rusiya Dövlət Dumasına yeni qanun layihəsi təqdim olundu. Layihəyə əsasən ikili vətəndaşlığı olub gizlədən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Eyni zamanda həmin insanlar böyük cərimələr gözləyir. Azərbaycan qanunvericiliyində də müəyyən dəyişikliklər edilməlidir. Azərbaycan tərəfini məlumatlandırmadan digər ölkələrin pasportlarını alan insanlara qarşı qarşı konkret addımlar atılmalıdır. Sərt cərimələr, hətta cinayət məsuliyyətini də nəzərdə tutan müvafiq qanunvericilik aktları qəbul edilməlidir. Bu sahədə qanunvericilik və bütövlükdə fəaliyyəti də sərtləşdirmək lazımdır. Yalnız bu vasitələrlə baş verəcək narahatlıqların qarşısını almaq mümkündür. Azərbaycan qanunvericiliyinə görə, yalnız ölkə vətəndaşları torpaq üzərində mülkiyyət hüquq əldə edə bilərlər. Rusiya vətəndaşlığı alan şəxslər dərhal torpaq üzərindəki mülkiyyət hüququndan məhrum edilməlidirlər. Əsasən kənd yerlərindən olan insanlar Rusiya pasportlarını alırlar. Məsələni qanunvericiliklə tənzimləmək lazımdır. Eyni zamanda bu prosesləri stimullaşdıran qüvvələr də tapılaraq cinayət məsuliyyətinə cəlb edilməlidirlər" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00