“Rusiya şimal bölgəsində təxribat planı hazırlamağa çalışacaq” - AÇIQLAMA
Qabil Hüseynli: “Ona görə də Rusiyanın həmin şəxslərdən təxribat planları üçün istifadə etməsi imkanları xeyli məhdudlaşır”
29 Aprel 2014 14:03 SiyasətPolitoloq Qabil Hüseynli Azərbaycanın Şimal bölgəsində yaşayan əhaliyə Rusiya pasportlarının paylanılması məsələsinə münasibət bildirib. Q.Hüseynli hesab edir ki, Rusiyanın Azərbaycanla bağlı məkrli məqsədləri var. Politoloqun sözlərinə görə, Rusiya Azərbaycanın şimal bölgəsində yaşayan əhalini öz vətəndaşı elan etməklə, sonradan bu regiona müəyyən təxribat planı qurmağa çalışacaq. Lakin Moskvanın bu niyyətinin baş tutmayacağını deyən Qabil Hüseynli bunu səfirliyə pasport üçün müraciət edən şəxslərin həmişə Rusiyada yaşamaları ilə əlaqələndirdi: "İkili vətəndaşlıq Azərbaycanda qəbul edilmir. O şəxslər Rusiya vətəndaşlığını qəbul etsələr Azərbaycan qeydiyyatından çıxmalıdırlar. Bu da onlar üçün müəyyən problemlər yaradacaq. Rusiya Azərbaycan vətəndaşlığından çıxıb-çıxmamaq məsələsinə əhəmiyyət vermədən pasportlarını paylayır. Bu da ciddi qanun pozuntusudur. Hər halda Azərbaycan vətəndaşları Rusiya pasportları almaqla federasiyadakı miqrant həyatına hüquqi baza yaratmaq istəyirlər. Ona görə də Rusiyanın həmin şəxslərdən təxribat planları üçün istifadə etməsi imkanları xeyli məhdudlaşır. Çünki Rusiya pasportunu alan şəxs artıq Azərbaycan vətəndaşı olmayacaq. Onların Azərbaycana gəlişi də ciddi nəzarət altında olacaq. Azərbaycanın dövlət orqanları həmin şəxslərlə izahat işi aparmalı, bu nəticə verməsə, həmin adamların ciddi uçotu aparılmalı, ölkəyə buraxılıb buraxılmaması məsələsi həll edilməlidir". ("OLAYLAR" İA)