Leyla Yunus İstintaq İdarəsinə aparıldı

Arif Yunus 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

Hüquq müdafiəçisi Leyla Yunus hazırda Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verir. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, ötən gecə prokurorluq əməkdaşları Leyla Yunusun evində axtarış aparmaq istəsələr də order təqdim etmədiklərindən hüquq müdafiəçisi evinin qapılarını açmayıb.Aprelin 29-da səhər 7-də Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov da hüquq müdafiəçisinin evinə gələrək axtarış aparılmalı olduğunu bildirib. Ancaq Leyla Yunus evin qapılarını açmaqdan imtina edib.Leyla Yunus dindirilmək üçün Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

***01.55

Saat 01:40-da Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun Bakıdakı ofisinin qarşısına 1 polis maşını və 2-3 nəfər polis əməkdaşı gəlib.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, polislərin yanında azı 6 nəfər mülkigeyimli də var.

Leyla Yunusun evinə də polislər gəlib. İki nəfər mülki geyimli onun yaşadığı binaya keçib. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, binanın qarşısındakı çevik polis alayının əməkdaşları jurnalistləri binadan çıxırarlar.

L.Yunusun ofisi yerləşən binanın qarşısındakı mülki geyimlilər və polislər vəkil Xalid Bağırovın ofisə keçməsinə icazə vermirlər. Vəkilin buraxılmamasının səbəbini soruşduqda belə göstəriş verildiyini bildiriblər. Amma göstərişi kimin verdiyini açıqlamayıblar.

Xalid Bağırov AzadlıqRadisouna deyib ki, əvəlla, axtarış aparılırsa bununla bağlı axtarış aparan qurumun icazə kağızı olmalıdır. İkincisi, axtarışda vəkilin və digər maraqlı şəxslərin iştirakı təmin olunmalıdır:

"Amma bizə nə axtarışın əsasları, nə axtarışı kimin və nəyə görə keçirdiyi haqda məlumat verilmir".

***00.23

Hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də Bakı hava limanında Doxaya gedərkən saxlanılıb.

ANS PRESS-in verdiyi məlumata görə, onlara sərhədi keçərkən ölkəni tərk etməmələri bildirilib.

Hadisə şahidləri deyirlər ki, onlarla birgə uçan Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyasının müavini Novruz Məmmədova zəng etdikdən sonra onlar sərhəddən buraxılıb, ancaq buna baxmayaraq onların təyyarəyə minməsinə maneçilik törədilib.

Alınan digər xəbərə görə, Leyla Yunusun evində və ofisində axtarışların aparılması gözlənilir. ANS televiziyasının Leyla Yunusun evinin yanında olan əməkdaşı bildirib ki, hazırda həmin ərazidə heç kəs gözə dəymir və onun evində axtarışların aparılmasına başlanılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00