Elşad İsgəndərovun da adı nurçuluqla hallandı

Türkiyə baş nazirinin Azərbaycan səfərindən sonra nurçulara qarşı mübarizənin gücləndiyini müşahidə etmək mümkündür

  Nurçuluqla bağlılıqda adı hallandırılan dövlət rəsmilərindən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovdur. Araşdırmaçı jurnalist Eynulla Fətullayev Elşad İsgəndərovun Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi siyahıda olduğunu iddia edir. "Virtualaz.orq" saytı, komitə sədrinin Fətullah Gülənin təsirinə 2000-ci ildə, Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyərkən düşdüyünü yazıb. Daha sonra İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi olarkən hərəkata xidmət etməkdə davam etdiyi deyilir. Araşdırma ilə bağlı Elşad İsgəndərovun Nyu-York və İstanbulda "Hizmət hərəkatı"nın əsas simaları ilə birgə fotoları da yayılıb. Ərdoğanın siyasındakı ikinci adam hesab edilən Elşad İsgəndərovla adı nurçuluqda hallanan daha bir məmur Elnur Aslanovun birlikdə ölkədə nurçu ədəbiyyatının populyarlaşması üçün konkret fəaliyyət planı işləyərək hazırlandığı, Dövlət Komitəsinin həmin ədəbiyyatın nəşrini maliyyələşdirdiyi deyilir.

Elşad İsgəndərov barədə yazılanların absurd olduğu deyildi. "Hizmət hərəkatı" üzvlərilə birgə çəkildiyi iddia edilən fotoların komitənin tədbirlərində çəkildiyi söylənildi. Dövlət Komitəsinin rəsmisi ümumilikdə "DQİDK"nın yalnız rəsmi fəaliyyətilə əlaqədar məlumatlara münasibət bildirdiklərini, absurd və şəxsi qərəz xarakteri daşıyan yazılara şərh vermədiyini açıqladı. "Sözügedən yazıda Dövlət Komitəsinin fəaliyyətilə bağlı yalnız bir məqam var ki, o da tamamilə təhrif olunub. Son 2 ildə "DQİDK" tərəfindən nurçuluq cərəyanını təbliğ edən hər hansı bir ədəbiyyatın, təriqətçiliyi tərənnüm etdiyi səbəbilə, satış və yayılmasına icazə verilməyib."

Türkiyə baş nazirinin Azərbaycan səfərindən sonra nurçulara qarşı mübarizənin gücləndiyini müşahidə etmək mümkündür. Ölkənin ayrı-ayrı rayonlarında keçirilən əməliyyatlar zamanı 100-dən çox təriqət üzvü saxlanılıb. Əməliyyat zamanı təriqətin banisi Səid Nursinin "Risaleyi-Nur" kitabları müsadirə olunub.

Xatırladaq ki, Neftçala və İmişli rayonlarında Türk liseylərinə qəbul imtahanları ləğv edilib.

Ötən gün imtahana gələn şagirdlərin hamısı geri qaytarılıb. İmtahan komisiyasından ANS-ə bildirilib ki, yerli rayon təhsil şöbələri Türk liseylərinə qəbulla bağlı əvvəlcədən nəzərdə tutulan imtahanların keçirilməsinə imkan verməyib. Lakin sonradan imtahanlar ümumiləşdirilmiş şəkildə Şirvan şəhərində baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00