Ermənistanın Türk dünyasının birliyini sınaqdan keçirmək planı puça çıxdı

Çexiyanın paytaxtı Praqada "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistanın dövlət başçısı Serj Sərkisyana verdiyi tutarlı cavab və Türkiyəni müdafiə xarakterli etdiyi çıxış təkcə Azərbaycanda deyil, eləcə də qardaş ölkədə yüksək dəyərləndirilib. Türkiyənin rəsmi və qeyri-rəsmi dairələri, media qurumları İlham Əliyevin Praqadakı çıxışını Azərbaycanın Türkiyəyə dəstəyi kimi qiymətləndiriblər. Elə Azərbaycan siyasiləri, eyni zamanda sadə insanlar da bu qənaətdədirlər.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyir ki, sözügedən sammitdə Azərbaycan prezidentinin çıxışı sözün həqiqi mənasında dünyaya səs saldı: "Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit sıradan bir tədbir kimi nəzərdə tutulsa da orada baş verənlər bütün dünyaya ildırım kimi səs saldı. Hər şey ondan başladı ki, Ermənistan prezidenti Serj Sarkisyan zirvə görüşünün plenar iclasında mövzudan tam kənara çıxaraq öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr etdi və Türkiyəni əsas tənqid hədəfi kimi seçdi. Serj Sərkisyan bir tərəfdən Türkiyəni qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib. Çıxışının sonunda o öz üzərinə Avropa səlahiyyətlisi funksiyasını götürərək bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Buna qarşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cavabı özünü çox gözlətmədi. Dövlət başçısının arqumentli çıxışı sammitin diqqətini cəlb edib və erməni prezidentin iddialarını darmadağın edib". Aydın Mirzəzadənin sözlərinə görə, yadda qalan isə dövlət başçısının yığcam şəkildə dediyi və türk dünyasının gücünü göstərən qısa bir cümləsi oldu : "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz". Hesab edirəm ki, bu türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını və beynəlxalq aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu. Təsadüfi deyil ki, Türkiyənin bütün əsas mediası prezident İlham Əliyevin bu çıxışını və Sərkisyana birbaşa ünvanladığı "Türkiyə burada yoxdur, mən buradayam" ifadələrini manşetə çıxarıb. Türkiyənin rəsmi informasiya agentliyi olan "Anadolu" bu xəbəri "Əliyevdən Ərdoğana dəstək" başlığı ilə təqdim edib. Baş nazir Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə bilinən "Sabah" və "Yenişafak" qəzetləri xəbəri müvafiq olaraq "Əliyevdən Ermənistana sillə kimi cavab" və "Əliyevdən Sarkisyana Türkiyə dərsi" başlığı ilə veriblər. "Ensonhaber" saytı isə xəbəri "Ermənistan prezidentinin gözlərinin içinə baxaraq, Türkiyə burada deyil, mən varam" kimi təqdim edib. Türkiyənin ən çox oxunan xəbər saytlarından olan "Milliyet" isə Əliyevin çıxışını "Türkiyəni ittiham edərkən elə bir tənqid eşitdi ki..." manşetə daşıyıb". Hakim partiya rəsmisinin sözlərinə görə, Ermənistan prezidentindən fərqli olaraq Azərbaycan dövlət başçısı Praqa sammitindəki çıxışında həmçinin ölkəsində aparılan siyasi islahatlardan, insan hüquqlarının qorunmasından, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunmasından danışıb: "Cənab İlham Əliyev nəhəng qaz yatağı olan Şahdənizin işlənməsinin, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisinin Avropanın enerji xəritəsini dəyişdirəcəyini bildirdi. Çıxışının sonunda Azərbaycan prezidenti belə bir sual verdi: "Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır". Bu məntiq, bu reallıq qarşısında isə Ermənistanın deyəcəyi heç bir söz qalmır. Xarici siyasətində qatı antitürk siyasəti, qonşu dövlətin torpaqlarının bir hissəsi işğal etməsi onun daxili siyasətini də iflic vəziyyətinə salır, Azərbaycan və Türkiyə kimi nəhəng iqtisadi potensialdan məhrum olmasına gətirib çıxarır". Millət vəkili bildirib ki, Ermənistan prezidenti Praqadakı çıxışına cənab İlham Əliyev tərəfindən çox təsirli bir cavab aldı: "Onun türk dünyasının birliyini bir daha sınaqdan keçirmək kimi məkrli planı puça çıxdı. O, və erməni millətçi dairələrinə aydın oldu ki, harada Azərbaycan varsa orada Türkiyənin, türk dünyasının, sivil bəşəriyyətin maraqları həmişə yüksək səviyyətə qorunacaqdır".

"Vətən" blokunun icraçı katibi Mayis Güləliyev bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin Praqa sammiti zamanı regional vəziyyətə aid söylədiyi fikirlər mahiyyət etibarilə dəyərli olduğu qədər də cəsarətli fikirlər idi: "O, dövlət başçısı kimi qürurverici bir tərzdə fikir söyləyib. Onun sözlərinin mahiyyətində həm sülh, həm də işğalla barışmazlıq var. Dövlət başçısının Türkiyəni ötkəmliklə müdafiə etməsi, Türkiyənin Azərbaycan üçün nə dərəcədə vacib bir ölkə olduğunu sübut edir. Cənab prezident dütün dünyaya bir daha bəyan etdi ki, Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü iddiaların heç bir əsası yoxdur. Çünki Ermənistan özü işğalçı dövlətdir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00